Qarabağ məsələsi Rusiyanın Cənubi Qafqaza hər zaman təzyiq vasitəsi olub- ÖZƏL
10:36 Siyasət"Exo Moskvı" radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda "CivilNet" kanalına müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin bitmədiyini bildirib. Təbii ki, Aleksey Venediktov kimlərinsə sözünü çatdırır". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: " Aydın məsələdir ki, Qarabağ məsələsi Rusiyanın Cənubi Qafqaza hər zaman təzyiq vasitəsi olub. Ordumuzun gücü ilə işğal olunmuş torpaqlarımızı azad etdikdən, butün ərazilərdə tam suverenliyin bərpasına nail olduqdan sonra davamlı sülh üçün əlverişli şərait yaranıb. Sülh prosesinin uğurla başa çatması üçün ciddi addımlar atılır. Məhz belə məqamda Rusiyadakı şovinist təfəkkürlülər düşünür ki, Ermənistanla Azərbaycan arasında müharibə bitməyib. Əslində bu rusbaş öz başı ilə fikirləşmir. Görünür, Moskva Azərbaycanın tarixi qələbəsini qəbul edə bilmir və belə zatıqırıqların dilə mesaj ötürür. Ümumiyyətlə, Rusiyanın Azərbaycana təzyiq imkanları məhduddur. Rusiyanın müxtəlif şəhərlərində çalışan azərbaycanlılara, diaspor nümayəndələrinə qarşı təzyiqlər, vəhşiliklər törədildi, soydaşlarımız qətlə yetirildi. Rusiyada çalışıb həmin ölkənin iqtisadiyyatına, əhalinin rifahına dəstək olan insanlara qarşı belə münasibətin kökündə Azərbaycana qarşı təzyiq elementi dayanır. Görünən odur ki, bu ölkə törətdiyi heç bir faciəyə, qan donduran hərəkətlərə görə heç zaman məsuliyyət hiss etməyib.

Cənubi Qafqazın digər bir ölkəsinə diqqət yetirək. 2026-cı ilə parlament seçkisini nəzərə alsaq Moskvanın Ermənistana təzyiq imkanları daha çoxdur. Görünən odur ki, Rusiya Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün resurslarını dəfələrlə işə salsa da, nəticəsi olmayıb.
Rusiyanın Cənubi Qafqazda son dayaq nöqtəsi sayıla biləcək Ermənistan da öz orbitindən uzaqlaşır. N.Paşinyan dərk edir ki, öz ölkəsinin inkişafı yalnız Azərbaycanla və Türkiyə ilə normal əməkdaşlıqdan keçir. Cənubi Qafqazı itirmək qorxusu isə Şimal qonşumuzu təşvişə salıb.
Görünən odur ki, Ukrayna cəbhəsində böyük itkilərlə üzləşməsinə baxmayaraq, bu gündə Rusiya imperiya xülyası ilə yaşayır və o qorxulu tendensiyanı həyata keçirmək üçün ən qəddar addımlar atır. Amma xalqları, millətləri əzib bir tavan altında bundan sonra saxlamaq mümkünsüzdür. Anti-Azərbaycan ritorikasını genişləndirir, postsovet məkanında bütün təzyiq rıçaqlarını işə salır. Real vəziyyəti təhlil etdikdə bu qənaətə gəlmək olar ki, bütün bunlar əbəsdir".