Ermənistan müdafiə nazirinin Bakıya qarşı ərazi iddiası – Nə baş verir?
21:13 SiyasətErmənistanın müdafiə naziri Suren Papikyanın Azərbaycanla bağlı son açıqlaması müzakirələrə səbəb olub.
Papikyan delimitasiya və demarkasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistana ərazi təhvil verə biləcəyini söyləyib. Nazir dəqiq hansı ərazidən söhbət getdiyini açıqlamasa da, bunun Başkənd olduğu güman edilir.
Ümumilikdə, son zamanlarda Ermənistan KİV Qazaxın 4 kəndi və Kərkinin növbəti demarkasiya prosesində Başkəndlə mübadiləsinin mümkün olduğunu yazır.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Papikyanın "Azərbaycanın əraziləri geri qaytarmaq imkanını görürəm" fikri sadəcə rəsmi ritorika deyil, həm də İrəvanın strateji gözləntilərinin açıq ifadəsidir:
"Onun vurğuladığı kimi belə bir təşəbbüsün delimitasiya və demarkasiya komissiyaların işi vasitəsilə həyata keçirilə biləcəyi məsələsi isə faktiki olaraq diplomatik və hüquqi mexanizmlərin önəmini göstərir. Lakin burada diqqət edilməli nüanslar var. Papikyanın ifadələri, əslində, Ermənistanın iddialarının yalnız Başkənd ətrafı ilə məhdudlaşmadığını da göstərir. Sərhəd məsələlərində İrəvanın niyyətləri daha geniş və çoxqatlıdır. Demarkasiya prosesinin nəticələri həm strateji, həm də siyasi balanslara təsir edə bilər.
Azərbaycan ərazilərinə dair bu cür açıqlamalar, eyni zamanda tərəflər arasında etimadın formalaşdırılmasının nə qədər mürəkkəb bir proses olduğunu ortaya qoyur. Diplomatiya yalnız kağız üzərində deyil, həm də bölgədəki aktorlarının hərəkətləri və qarşılıqlı mövqelərin təhlili ilə ölçülür. Burada əsas məsələ odur ki, delimitasiya və demarkasiya sadəcə xəritə üzərindəki xətləri müəyyən etməklə yekunlaşmır. Bu, hər iki tərəfin siyasi iradəsi, təhlükəsizlik zəmanətləri və gələcək münasibətlərin çərçivəsini də müəyyən edir.
Papikyanın açıqlaması Ermənistandakı daxili ritorikanın əks-sədası olmaqla yanaşı, həmçinin Bakı-İrəvan münasibətlərində yeni mərhələnin xəbərçisidir. Bu mərhələdə hər iki tərəfin mövqeləri, diplomatik addımları və strateji hazırlığı gələcək sülh və təhlükəsizlik prosesinin uğurunu müəyyən edəcək"