Kəlbəcər-strateji və tarixi dönüş nöqtəsi- ÖZƏL

2020-ci il noyabrın 25-i Azərbaycan tarixində xüsusi bir dönüş nöqtəsidir. Məhz bu gün Kəlbəcər rayonu erməni işğalından azad olunaraq, yenidən öz sahiblərinə qovuşdu. 
" Vətən müharibəsi dönəmində Kəlbəcərin erməni işğalından azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin bərpası istiqamətində xalqımızın apardığı mübarizədə mühüm mərhələ təşkil etmişdir. Kəlbəcərin işğal olunmasında erməni tərəfinin məqsədi Azərbaycanın qərb torpaqlarının Qarabağla əlaqələrinin qırılması olmuşdur". 

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 

" Bundan əlavə, Kəlbəcərin əlverişli coğrafi relyefi, zəngin resursları, qiymətli metalları - qızıl və qranit yataqları, şirin su ehtiyatları erməni tərəfini bir qayda olaraq düşündürmüş və onların ələ keçirilməsi I Qarabağ müharibəsində Ermənistanın xeyrinə dönüş kimi qiymətləndirilmişdi.
Kəlbəcərin erməni işğalından azad edilməsi ölkəmizin Qərbdəki sərhədlərinin bərpası yolunda mühüm addım olmaqla, qiymətli metal yataqlarının yenidən dövlətimizin ixtiyarına keçməsi baxımından ciddi iqtisadi əhəmiyyət kəsb etmiş, Tərtərçay, İstisu kimi şirin su mənbələrinin Azərbaycanın yenidən ixtiyarına keçməsi ilə su ehtiyatlarımızın 25% artmasına səbəb olmuş, Azərbaycanın regional dövlət olaraq bölgədə stabilliyin təmin olunması, təhlükəsizlik problemlərinin həllində nüfuzunun və imkanlarının artması baxımından ciddi əhəmiyyət kəsb etmişdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31