Ukrayna üçün yeni sülh sənədi: 28 bənddən 19-a – hansı güzəştlər gözlənilir? – ÖZƏL

"ABŞ-nin hazırladığı 28 bəndlik sülh proqramı var. Maraqlıdır ki, bu proqram hələ müzakirə olunmamışdan əvvəl mətbuatda dərc olundu. Bu da onu göstərir ki, hansısa tərəf bu məlumatların yayılmasında maraqlı olub".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Şakir Ağayev deyib. Ekspert bildirib ki, əvvəlcə 28 bənd idi, lakin 23 noyabrda Cenevrədə ABŞ və Ukrayna nümayəndələrinin danışıqlarından sonra sənəd 19 bəndə endirildi. Düzdür, hansı bəndlərin birləşdirildiyi, hansının çıxarıldığı hələ açıqlanmır. Yalnız bir neçəsi barədə məlumat var: ərazi mübadiləsi, NATO məsələsi və digər strateji məqamlar prezidentlərin görüşündən sonra öz həllini tapa bilər. Avropa İnteqrasiya məsələsi də sənəddə yer alır. Moskva Ukraynanın Avropa İttifaqına üzv olmasına narazılıq etmir. Əsas müzakirə mövzuları qoşunların sayı, NATO-ya üzvlük və ərazi mübadiləsidir.
Avropa İttifaqının reaksiyasına, Zelenskinin bir neçə gün əvvəl xalqa müraciətinə, Rusiya Prezidenti Vladimir Putinin iki gün əvvəl Təhlükəsizlik Şurasında verdiyi açıqlamalara və bu gün Rusiya Xarici İşlər naziri Lavrovun dediklərinə diqqət yetirsək, görərik ki, yeni sənəd Ankoricdəki danışıqların məzmununu əks etdirir. Lavrovun fikirlərindən belə çıxır ki, ABŞ Rusiya mövqelərini nəzərə alıb. O həmçinin bildirib ki, 19 bəndlik yeni formatla bağlı ABŞ tərəfinin izahlarını gözləyirlər və danışıqlar davam edir.

"Bu gün yeni məlumat yayıldı ki, dünən gecə Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçirilib. Avropa İttifaqının mənfi reaksiyası, Zelenskinin müraciəti və Rusiya tərəfinin açıqlamalarını nəzərə alsaq, aydın olur ki, Rusiya açıq şəkildə bildirir: Ankoric danışıqları yeni sənəddə öz əksini tapıb və Rusiyanın mövqeyi nəzərə alınıb. Bu da Ukrayna üçün müəyyən çətinliklər yaradır.
İki tərəf - Ukrayna və Rusiya arasında münaqişə gedir, baxmayaraq ki, Ukraynaya NATO dövlətləri dəstək verir. Hazırkı geopolitik vəziyyətə görə Rusiya tərəfinin bəzi mövqeləri sənəddə öz əksini tapa bilər. Hansı güzəştlərin Kiyev üçün nəzərdə tutulduğu isə yalnız 19 bənd tam açıqlanandan sonra bilinəcək. Hazırkı məlumatlara görə Kiyev üçün ciddi güzəşt nəzərdə tutulmayıb," - deyə siyasi şərhçi əlavə edib.

Ekspertin sözlərinə görə, əvvəllər sənəddə "ərazi bütövlüyü" məsələsi vardı, amma 28 bəndlik həmin versiyada yalnız Ukraynanın suverenliyi qeyd edilirdi, ərazi bütövlüyü haqqında ayrıca bənd yox idi. Avropa İttifaqının 22 noyabrda hazırladığı alternativ layihəsində də Ukraynanın ərazi bütövlüyü məsələsi göstərilməmişdi. Bu isə artıq Avropanın Ukraynanın Rusiya tərəfindən nəzarətə götürülmüş bəzi ərazilərdən imtina edə biləcəyi fikrini qəbul etdiyini göstərir.
Makronun son açıqlamalarına baxsaq, o bildirir ki, heç bir fransız əsgəri Ukraynaya göndərilməyəcək və Fransa ön cəbhədə hərbi kontingent yerləşdirmək niyyətində deyil. Avropa açıq şəkildə göstərir ki, Ukrayna onların üçün "bufer zona"ya çevrilməlidir. Bu isə Ukrayna üçün ciddi güzəştlərin nəzərdə tutulmadığını göstərir.

"Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı sənəddə NATO-nun 5-ci maddəsinə uyğun təminat nəzərdə tutulur, lakin bu hələ müzakirə predmetidir. Zelenski ilə Trump arasında aparılan danışıqlarda da bu məsələ gündəmdədir: Ukraynaya təhlükəsizlik təminatını ABŞ və Avropa necə verəcək? 
Digər tərəfdən, Rusiya tərəfi qəti şərt qoyur ki, Rusiya ərazisində heç bir xarici hərbi kontingent yerləşdirilə bilməz. Bu sənəd bir növ sülh müqaviləsinin çərçivə sənədi kimi təqdim olunur, eynilə Qəzzada atəşkəsə nail olunması üçün tətbiq edilən modellər kimi. Avropa bu prosesin reallaşmasında maraqlı deyil, çünki bu baş tutarsa, ABŞ-nin vasitəçiliyi nəticəsində Fon der Leyen, Starmer, Makron, Kallas kimi Avropa liderlərinin siyasi karyeraları zərbə ala bilər və onların strateji planları alt-üst olar. Trump üçün isə bu proses çox önəmlidir: həm reytinqini artırmaq, həm Nobel mükafatı almaq, həm də Rusiya ilə Arktikadakı iqtisadi əlaqələri bərpa etmək istəyir," - deyə Şakir Ağayev vurğulayıb.

Ekspert sonda qeyd edib ki, qoşunların sayı məsələsində sənəddə 600 min göstərilir, avropalılar isə bunun 800 min olduğunu deyirlər. Ukraynanın hazırkı vəziyyəti isə bu qədər böyük orduyu saxlamağa imkan vermir. Fransa kimi böyük dövlətin belə cəmi 200 minlik ordusu var və onu tam şəkildə saxlamaq çətindir. Yəni qoşun sayı məsələsi həm iqtisadi, həm də insan resursları baxımından böyük problem yaradır. Ukraynanın dövlət büdcəsində də ciddi çatışmazlıq var, hazırda 43 milyardlıq kəsir mövcuddur və Avropa tam şəkildə bunu qarşılaya bilmir. Bu problemlər fonunda Ukraynanın təhlükəsizlik təminatının necə formalaşacağı gələcək danışıqların nəticəsindən asılı olacaq.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31