19 maddəlik plan Ukrayna üçün uzunmüddətli diplomatik üstünlük yarada bilərmi?- ÖZƏL

ABŞ Qəzza atəşkəsindən sonra Ukrayna münaqişəsinin həlli üçün Cared Kuşner və Stiven Vitkoff tərəfindən ilkin 28 maddəlik plan hazırlayıb. "The Daily Beast"ə görə, layihə hazırlanarkən Rusiya ilə məsləhətləşmələr, Zelenski ilə telefon danışıqları aparılıb.
Dövlət katibi Marko Rubionun iştirakı ilə 23 noyabrda Ukrayna ilə keçirilən məhsuldar məsləhətləşmələrdən sonra planın maddələrinin sayı 19-a endirilib. 



Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 

" Bu planın hazırlanma prosesi onun nə qədər neytral və balanslı olduğunu anlamaq üçün çox vacib göstəricidir. Əvvəlcə onu qeyd etmək lazımdır ki, 28 maddəlik ilkin layihənin Rusiya ilə məsləhətləşmələr fonunda hazırlanması, planın tamamilə Kiyevin diktəsi ilə hazırlandığı təsəvvürünü aradan qaldırır. Başqa sözlə, Vaşinqton Ukraynanın maraqlarını qorumağa çalışsa da, Moskvanın mövqeyinin nəzərə alınması, sənədin birbaşa "ədalətli" və beynəlxalq səviyyədə qəbulolunan xarakter daşımasını müəyyən qədər təmin edir. Lakin bu, Rusiya ilə kompromisin artıq həll olunmuş olduğu anlamına gəlmir - sadəcə danışıqlar masasında müəyyən mövqelərin öyrənildiyi görünür.
Planın maddələrinin 19-a endirilməsi, diplomatik pragmatizmin göstəricisidir. Bu, həm də ABŞ və Kiyevin razılaşma üçün birgə prioritetləri konkretləşdirməsi deməkdir: əsas diqqət humanitar məsələlər, atəşkəs, region təhlükəsizliyi və Ukrayna ərazisinin bütövlüyü üzərindədir. NATO üzvlüyü və Avropaya inteqrasiya kimi strateji mövzuların əsas paketdən ayrılması isə çox incə siyasi gedişdir. Bu, Kiyevə faktiki olaraq güzəşt vermədən, riskli təhlükəsizlik və beynəlxalq inteqrasiya məsələlərini ayrıca və uzunmüddətli müzakirələrə saxlama imkanı yaradır. Yəni, Kiyev həm diplomatik mövqeyini qoruyur, həm də münaqişənin dərhal həll edilməsinə mane olacaq problemləri planın kənarına çıxarır. Bu yanaşma Ukraynanın gələcək təhlükəsizliyi üçün mühüm mesaj daşıyır: planın əsas hissəsi qismən neytral, humanitar və taktiki səviyyədə razılaşdırılıb, strateji mövzular isə təkbaşına və uzunmüddətli diplomatik müstəvidə həll olunacaq. Beləcə, Kiyev həm ABŞ dəstəyini gücləndirir, həm də öz suveren və strateji qərarlarını qoruyur. Moskvanın mövqeyi nəzərə alınsa da, bu, Rusiyanın tam istəklərinə uyğunlaşmaq demək deyil - sadəcə, münaqişənin davamlı və praktik həllinə yönəlmiş bir diplomatik balansdır.
Əsas çıxış nöqtəsi budur: plan ABŞ, Ukrayna və Rusiya arasında kompromis üçün ilkin mexanizmdir, Kiyev üçün isə taktiki üstünlük və gələcəkdə NATO və Avropa inteqrasiyasını ayrıca müzakirə etmək imkanı verir. Bu, həm diplomatik ağıllılıq, həm də Türkiyə tipli güclü dövlət siyasətinin nümunəsi kimidir - gücünü nümayiş etdirirsən, amma riskləri minimalizasiya edirsən". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31