Yeni münaqişə ocağı yaranır-Tokio-Pekin xəttində gərginlik- ÖZƏL
14:49 Siyasət"Hər kəs Ukrayna ilə bağlı proseslərə fokuslandığı zaman uzaq Şərqdə vəziyyət olduqca mürəkkəb xarakter almağa başlayıb. Yaponiya Tayvan məsələsi ilə bağlı sərt mövqe nümayiş etdirir və mövcud situasiya Tokio - Pekin xəttində gərginliyə səbəb olur". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib: "Yaponiyanın Tayvan məsələsində Çinə qarşı gəlməsi gözlənilən haldır. Tayvanın ayaqda qalması Tokio üçün gərəklidir. Digər tərəfdən Birləşmiş Ştatlar bölgədəki rolunu tədricən Yaponiya və Cənubi Koreya tandeminə transformasiya etdiyi üçün regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması zərurəti ortaya çıxır.

Belə məqamda, Çin tədricən Tayvanla bağlı niyyətini aşkar şəkildə nümayiş etdirir. Ada ətrafında mütəmadi hərbi təlimlər keçirir və Tayvanı ələ keçirmək üçün xüsusi sistemlər, desant gəmiləri inşa edir. Məqsəd sirr deyil, bəllidir. Çin lideri Si Cinpin bu məsələdə prinsipiallıq nümayiş etdirir və geri atılacaq hər hansısa bir addım birmənalı şəkildə onun reputasiyasına xələl gətirəcək presidentdir.
Lakin, Çin rəsmiləri hələlik Tayvan məsələsində tələskənlik nümayiş etdirmirlər. Bunun bəlli səbəbləri də var. Ən əsası texnoloji faktorlar. Pekin özü belə çip istehsalında Tayvanın gerisində qalır və rəsmi Taypey bu sahədə şəriksiz dünya lideridir. Yəni, adaya yönəlik istənilən hərbi aktivlik qlobal miqyasda çox ciddi böhrana səbəb olacaq.
Çin prosesin qlobal təsirlərini yaxşı bilir və məhz çip sahəsində alternativ güc olmaq niyyətini reallaşdırmağa çalışır. Bu gerilik aradan qalxdığı gün hesab edirəm ki, Tayvan məsələsi tamamilə fərqli müstəviyə yüksələcək".