Çin-Avropa dəhlizi Rusiyanın təsirini zəiflədir: Azərbaycan tranzit mərkəzidir – ÖZƏL
25 Noyabr 2025 11:47 SiyasətÇinin dövlət şirkətləri və maliyyə qurumları Mərkəzi Asiyada Rusiyanın maraqlarına zidd təşəbbüsləri dəstəkləyir və Avropaya Rusiya ərazisindən yan keçən alternativ logistika marşrutları qurur.
Çin-Avropa Forumunda qəbul edilən qərara əsasən, Çin Dəmir Yolu Konteyner Nəqliyyatı Qazaxıstan, Azərbaycan və Gürcüstanla birgə müəssisədə səhmdar olacaq. Bu tərəfdaşlıq Xəzər-Qafqaz-Türkiyə xətti üzrə yeni dəmir yolu dəhlizinin inkişafını təmin edəcək.
Layihəyə Çin və ABŞ kreditləri hesabına böyük investisiyalar yatırılacağı gözlənilir. "Bir Kəmər, Bir Yol" və Aİ-nin "Qlobal Keçid" layihələrinin bu regionda üst-üstə düşməsi ilə Mərkəzi Asiya böyük güclərin rəqabət meydanına çevrilir, nəticədə Rusiyanın təsir dairəsi daralır.
"Bu Rusiyanın ziyanına səbəb olacaq bir məsələdir. Əgər bu şəkildə davam edərsə, Moskvanın tranzitdən əldə etdiyi gəlirlər və iqtisadi təsir zəifləyə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, bu həm birbaşa tranzit haqları, həm də logistika gəlirləridir. Digər tərəfdən bunun siyasi tərəfi də var. Mərkəzi Asiya ölkələrinin Çin və Avropa ilə geniş əməkdaşlığı Rusiyanın bölgədə təsirinin əsaslı şəkildə zəifləməsinə səbəb olacaq. Nəzərə alaq ki, bu region uzun müddət Rusiyanın təsir dairəsində olub.
"Moskvanın bu tədbirlərdən kənarda qalmasının daha bir mühüm səbəbi isə sanksiyalarla bağlıdır. Görünür ki, həm Çin, həm də Mərkəzi Asiya ölkələri ABŞ sanksiyalarından yan keçmək üçün Rusiyanı prosessə daxil etməyiblər. Eyni zamanda, Rusiyanın iqtisadi və diplomatik manevrləri zəifləyəndə, o, təhlükəsizlik-mühafizə vasitələrinə daha çox vəsait xərcləyir. Bu Mərkəzi Asiya ölkələrini təsir altında saxlaya bilər. Eyni zamanda, Çinlə Rusiya münasibətləri həm əməkdaşlıq, həm də rəqabət elementlərini daşıyır və Pekinin Mərkəzi Asiyada artan rolunu Moskva həssaslıqla qarşılayır," - deyə siyasi ekspert əlavə edib.
Ə. İbrahimova qeyd edib ki, Azərbaycanla bağlı məsələyə gəldikdə isə, həm Çin, həm Mərkəzi Asiya ölkələri, həm də Avropa İttifaqı Azərbaycanın etibarlı tərəfdaş və güclü tranzit imkanlarından məmnundur. Bu baxımdan ölkəmizin bu cür lahiyyərdən qazancı böyükdür. Çünkü Azərbaycan Mərkəzi Asiyanın Avropaya açılan qapısı rolunu oynayır.
Sevda Dəniz