Prezidentin apardığı çoxşaxəli fəaliyyət qələbələrimizi təmin etdi- ÖZƏL
25 Noyabr 2025 11:35 Siyasət"Ərazi və təbii sərvətlər baxmından Azərbaycanın ən mühüm rayonlarından biri olan Kəlbəcər ermənilərin 27 illik işğalından azad edilməsi tarixi hadisə idi. Bununla da uzun müddət torpaq, vətən həsrəti çəkən soydaşlarımızın, xüsusi ilə də kəlbəcərlilərin həsrətinə son qoyuldu. Bu qalibiyyətə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun rəşadəti sayəsində nail olunub". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "10 noyabrda Ermənistanın kapitulyasiyanı qəbul edərək imzaladığı bəyanata əsasən, Kəlbəcər bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Sözsüz ki, müzəffər Azərbaycan ordusunun gücü nəticəsində bu uğur əldə olundu. Çünki əgər 44 günlük müharibə ərzində ordumuzun uğurlu əməliyyatları olmasaydı, Ermənistan heç zaman bu kapitulyasiyaya razı olmazdı. Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan işğal olunmuş ərazilərimizi tərk etsin.
Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü qələbələrimizi təmin etmiş olub.
Kəlbəcər ölkəmizdə ən böyük ərazisi olan rayon olmaqla yanaşı, strateji və çətin relyefə malikdir. Kəlbəcər eyni zamanda təbii sərvətlərlə zəngin bir bölgədir. Rayon ərazisi qızıl, mis, qurğuşun yataqları və digər təbii sərvətlərlə zəngindir. Eyni zamanda Kəlbəcərə çox gözəl və əsrarəngiz təbiətə malik rayonlarımızdan biridir. Eyni zamanda Kəlbəcər zəngin tarixə malik ərazilərimizdən biri kimi ən qədim insan məskənlərindən hesab olunur. Bu mənada "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" adlanır. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb".