Şuşada Türk dünyasının bu planları müzakirə olundu
15:11 SiyasətXəbər verdiyimiz kimi, Şuşada Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir.
Musavat.com-un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, forumun üçüncü sessiyası "Azərbaycan-Türkiyə əməkdaşlığında nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı amilləri" mövzusuna həsr olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, Türkiyə Azərbaycanın əsas tərəfdaşlarından biridir:
"Türkiyə qaz ixracında Azərbaycanın əsas partnyorudur. Bundan başqa, Azərbaycan təkcə neft və qaz deyil, bir çox şirkətləri cəlb edərək həm də yaşıl enerji ixrac etməyi planlaşdırır. Yaşıl enerji dəhlizləri türk dəhlizlərini birləşdirir. Azərbaycan dəhlizlər vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyi planlaşdırır. Bu, ölkəmizin iqtisadi imkanlarını artıracaq.
Azərbaycan 2050-ci ildən sonra da enerji təminatçısı kimi rolunu qoruyacaq".
Türkiyə Araşdırma Fondunun (TAV) vitse-prezidenti Enes Bayraklı isə Avropada panika havası olduğuna diqqət çəkib:
"Hər dövlət yeni dünya düzəninə adaptasiya olmağa çalışır. "Türkiyənin 100 ili strategiyası" əslində bütün Türk dünyasını ehtiva edir. Fransa və Almaniya Avropa birliyində önəmli rola malikdir. Türkiyə ilə Azərbaycan da analoji birlik nümayiş etdirir. Avropanın enerji dəhlizlərinə hər zamankından daha çox ehtiyacı var. Hazırkı beynəlxalq konyuktura bizim lehimizədir".

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı isə çıxışında bildirib ki, Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazda müəyyən məsələlərin həlli üçün imkanlar yaradır:
"Bununla yanaşı, digər qüvvələr də Cənubi Qafqaza diqqəti artıra bilər. Buna görə də konyukturadan faydalanıb qalıcı nəticələr əldə etməliyik. Siyasi konyuktura uyğun olsa belə, siyasi iradə nümayiş etdirmək önəmlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan uğurlu hərbi-diplomatik strategiya quraraq zəfər əldə etdi".
Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu orta türk mədəniyyəti coğrafiyası ilə bağlı kitabın nəşr edilməsini, birgə film fondu və s. yaradılmasını təklif edib.
Forum qapalı dəyirmi masa görüşü ilə davam edib.