Cenevrə danışıqları: Sülhə yaxınlıq, yoxsa yeni siyasi düyün?- ÖZƏL

Ukrayna və ABŞ Cenevrədə keçirilən danışıqları "son dərəcə məhsuldar" adlandıraraq mövqelərin uzlaşdırılmasında ciddi irəliləyiş əldə olunduğunu və təkmilləşdirilmiş çərçivə sənədi hazırlandığını bəyan edib. Əsirlərin dəyişdirilməsi, Zaporojye AES formatı və Ukrayna Silahlı Qüvvələrinin sayı ilə bağlı korrektə edilmiş müddəalar razılaşdırılıb. Sülh planının yekun mərhələsi Avropa tərəfdaşları ilə koordinasiya edildikdən sonra Rusiyanı "kötək və kökə" (təzyiq və güzəştlər) mexanizmi ilə razı salmağa cəhd etməyi nəzərdə tutur.
ABŞ-nin razılaşdırılmış planı "kötək və kökə" mexanizmi ilə Rusiyaya qəbul etdirmək cəhdi nə dərəcədə realdır? Cenevrə danışıqlarının müharibəyə real təsirləri olacaqmı?



Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 
" Ukrayna və ABŞ-ın Cenevrə danışıqlarını "son dərəcə məhsuldar" adlandırması prosesin texniki mərhələlərində irəliləyişin olduğunu göstərsə də, siyasi düyünlərin olduğu kimi qaldığını etiraf edir. Müqavilənin ərazi bəndləri və Ukraynanın NATO-ya üzvlükdən imtinasını Konstitusiyaya salmaq kimi əsas məsələlərdə razılığın olmaması mahiyyət etibarilə böyük boşluq yaradır. "Kötək və kökə" modelinin Rusiyaya işləyəcəyi tezisi real olsa da, Kreml yalnız hərbi-siyasi təzyiq balansı dəyişəndə güzəştə meyil göstərir. ABŞ-ın Kiyevi Donetski 12 aya itirmək riski barədə xəbərdar etməsi prosesin sürətləndirilmiş formatda aparıldığına işarədir. Vaşinqton anlayır ki, döyüş meydanı Ukraynanın xeyrinə dönməsə, masa arxasında maksimum nəticə əldə etmək çətinləşəcək. Əsirlərlə bağlı razılaşma və Zaporojye AES ətrafı formatın müəyyən edilməsi tərəflərin təhlükəsizlik blokunda müəyyən konstruktivlik nümayiş etdirdiyini göstərir. Lakin bu, hələ siyasi sülhə gedən yolun açılması demək deyil. Moskva hazırkı mərhələdə yalnız öz təsir dairəsini rəsmiləşdirən sənədə maraqlıdır. NATO məsələsinin Konstitusiyaya salınmaması Rusiya ilə Qərb arasında həlledici xəttin hələ də toxunulmaz olduğunu göstərir. "Kötək və kökə" strategiyası Avropanın koordinasiyası ilə həyata keçirilsə də, Kreml üçün güzəştlərin dəyəri təzyiqlərin gücü ilə ölçüləcək. ABŞ prosesə maksimum nəzarət etməyə çalışır, çünki Avropanın siyasi iradəsi parçalanmış vəziyyətdədir. Bu danışıqlar müharibəni dayandırmaq gücündə deyil, amma onun konturlarını yenidən çızmaq potensialı var. Sülh planının yekunu Rusiyanın hərbi dinamika fonunda hesabladığı risklərlə birbaşa bağlı olacaq. Real təsir yalnız o zaman görünəcək ki, Moskva masada qazandığını cəbhədə itirmək riski ilə müqayisə etsin". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31