Vətən müharibəsinin şəriksiz qəhrəmanı olan İlham Əliyevin tarixi bəyanatı özünü tam doğrultdu- ÖZƏL

"Kəlbəcərin işğalı Azərbaycanın Birinci Qarabağ müharibəsində ciddi ərazi itkisi ilə yadda qalmadı, həm də dövlətçiliyimiz üçün ən ağır strateji zərbələrdən biri oldu. Müdafiə xəttinin səmərəli qurulmaması, hərbi idarəetmədə hökm sürən xaos, vahid komandanlığın olmaması nəticəsində bu füsünkar diyarımız 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altına keçdi. Kəlbəcərin işğalının miqyası yalnız ərazi itkiləri ilə ölçülmədi. Bu faciə zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər itkin düşdü. Üstəlik, rayonun yüzilliklər boyu formalaşmış tarixi-mədəni irsi talan edildi, maddi sərvətləri sistemli şəkildə Ermənistana daşındı, 27 illik işğal dövründə isə Kəlbəcərin təbii ehtiyatları məqsədli şəkildə istismar olundu. Bütün bunlar beynəlxalq hüququ, humanitar prinsipləri və regional sabitliyi açıq şəkildə tapdalayan işğalçı siyasətin nəticəsi idi. Dünya birliyinin fəaliyyətsizliyi  isə bu haqsızlığın davam etməsinə şərait yaratdı".

"Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "İşğal zamanı səsgücləndiricilərdən yayılan humanistlik iddiaları qısa müddətdə boş söz olduğu ilə üzə çıxdı. Həmin silahlı birliklər Kəlbəcər əhalisinə qarşı elə vəhşiliklər törətdilər ki, baş verənlər bölgənin yaddaşına silinməz faciə kimi həkk olundu. Onların 10 saat möhlət veriləcəyi və mülki insanlara toxunulmayacağı barədə səsləndirdikləri bəyanatlar isə son nəticədə dinc sakinlərin gülləbaran edilməsi ilə bitdi və beləliklə bütün o vədlərin gerçək niyyəti ört-basdır etməkdən başqa heç bir dəyəri olmadığı acı şəkildə təsdiqləndi.
Uzun illər torpaqlarımız işğal altında olsa da, ümidimizi heç vaxt üzmədik. İnanırdıq ki, gün gələcək biz yurd yerimizə əbədi qayıdacağıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan heç vaxt bu işğalla barışmayacaq. 44 gün davam edən Vətən müharibəsinin şəriksiz qəhrəmanı olan İlham Əliyevin tarixi bəyanatı özünü tam doğrultdu. Bu müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildi, Ermənistan isə rüsvayçı şəkildə geri çəkilərək təslimçilik aktına imza atdı. Ali Baş Komandan kimi qələbəni təmin edən İlham Əliyev Prezident kimi siyasi masada də tarixi uğura imza atdı. 10 noyabr bəyannaməsinin şərtlərinə uyğun olaraq Kəlbəcər müharibəsiz azad edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31