Nə revanşist olaq, nə də “irəvanşist”...

Nə olaydı, qövmümüzün bəzi pis xasiyyətləri olmayaydı. Biri də bu, "yada yalaq, yaxına badalaq"lıqdır.

Bu mövzuda çox yazmışıq, çox göft-gu etmişik, amma düzələn şakər deyil, belə anlaşılır ki, bu sayaq da gedəcək.

Tanınmış müğənnimizin Qazaxıstanda erməni təmsilçiyə 12 bal verməsini yalnız yaltaqlıqla izah etmək olar. Başqa səbəb yoxdur. Xanım əfəndi açıq-aşkar erməni musiqiçiyə yaltaqlanıb və bunu xalqın adından edib.

İndi bəziləri bunu cəsur hərəkət adlandırır. Amma nə cəsur hərəkət? O, 6 il öncə, torpaqlarımızın erməni işğalı altında qaldığı vaxt bu hərəkəti etsəydi və niyə belə etdiyini çəkinmədən əsaslandırsaydı, onda cəsarətli hərəkət olardı.

Ancaq indi Ağrı dağının ətəyində göyərçinlər, Laçın qayalarının üstündə laçınlar uçuşur, erməni "qehete"çilər Bakıya gəlir, bakılı "qehete"çilər İrəvana gedir, ona görə də xanımın bu hərəkəti cinayət məsuliyyəti yaratmır. O da başını başlara qoşub, öz üzərinə sülhyaradıcı missiya götürüb, ermənilərə jest edir, göstərmək istəyir ki, bax, biz kin bəsləmirik, barışıqdan yanayıq.

Ortalıqda sülh söhbətləri, barışıq danışıqları olduğuna baxmayın, sülhün yalnız "se"si, bir də uzaqdan gələn səsi var. İrəvanda minlərlə revanşist qan-qan deyir, Paşinyanı devirmək, Qarabağa girmək, Ohanyan səddini yenidən quraşdırmaq istəyirlər.

Ona görə də İrəvanda bu qədər revanşisitin olduğu vaxtda "irəvanşist" olmaq lazım deyil. Oturub gözləməliyik ki, görək nə olur, ermənilər silahı qoyub sülhə gəlir, yoxsa sülhə süllab satmır, silaha sarılırlar.

Belə baxanda hansısa yarışmada kiməsə 12 xal vermək bir şey deyil, amma bu kənardan pis görünür: sanki o millətin qarşısında qəbahətimiz var, başlarını yarmışıq, indi ətəklərinə qoz tökür, könüllərini alırıq.

Bunlar incə söhbətlərdir, hər müğənninin, jurnalistin düşünə biləcəyi şeylər deyil.

Təbii ki, Samirə Əfəndi Qazaxıstanda erməni musiqiçinin saçını-başını yolmalı deyildi, amma özünü təmkinli aparmalıydı, nə ondan qaçmalıydı, nə yaxınlaşıb yaltaqlıq etməliydi.

Vaxtilə biz də beynəlxalq tədbirlərdə ermənilərlə rastlaşmışıq, hamısında aramızda məsafə olub. Xatırlayıram ki, bir dəfə Kiyevdə otelin foyesində qonşu divanlarda oturmuşduq, onlar bizim azərbaycanlı olduğumuzu, biz də onların erməni olduqlarını bildik, amma kəlmə də kəsmədik. Yalnız bizdən bir tanınmış jurnalist yanımıza gəldiyi vaxt onların arasındakı tanışlarını gördü, "ooo" deyə boyunlarına sarıldı, "maç-maç, quç-quç, darıxmışam" vaqiəsi baş verdi.

Bu hadisə Qarabağın erməni işğalında qaldığı vaxt baş verib. Erməni jurnalistlər bizim onlara qarşı hiddətli olduğumuzu tərs baxışlarımızdan anlayırdılar.

Fəqət iki ay öncə Qazaxıstanın paytaxtı Astanada yenə bir tədbirdə 6-7 erməni təmsilçi ilə rastlaşdıq, biz də o qədər idik, amma yenə də kəlmə kəsmədik. Düzdür, indi Qarabağ rayonları azaddır, mahalda erməni qalmayıb, sülh danışıqları gedir, amma onlarla yaxınlaşmaq, mükalimə etmək içimizdən gəlmədi. Sadəcə, artıq tərs baxışlar yox idi. Heç onlar da özlərini o yerə qoymurdular, öz aralarında deyib-gülürdülər. Hətta tədbirin qala-konsertində ortalığa düşüb, qol götürüb oynadılar. Biz isə bu hərəkətdə arsızlıq elementləri sezdik.

Dediyim odur ki, müharibə başa çatıb deyə hesab etməyək ki, "qardaş olur Hayastan, Azərbaycan". Hələ "Kür, Araz, Ararat, gözəldir bu həyat" şərqiləri oxumağın yeri yoxdur. Hövsələ etmək lazımdır.

Hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Sülh yaratmaq diplomatların işidir, döyüşmək - hərbçilərin, prosesləri təhlil etmək, varacağı yeri anlatmaq - siyasətşünasların. Beynəlxalq arenaya çıxan sənət adamlarının işi də ölkımizi layiqincə təmsil etmək, tədbirlərə, müsabiqələrə qatılmaqdır və bu zaman hansı ölkədən gəldiklərini, dost-düşmənin kim olduğunu unutmamaqdır.

Az qalıb, qoy sülh sazişi imzalansın, ermənilərin Bakıya ayağı açılsın, ondan sonra erməni müğənnilər yavaş-yavaş şou-biznesimizə də qatılacaqlar, Nayruhi Allahverdiyanın yeri boş qalmayacaq, elə Bokanın da. Bax, onda, türkün sözü, yılların həsrəti bitəcək, hər şeyi unudaraq, qaldığımız yerdən davam edəcəyik. Yeni müdirlər də sələflərinin irsinə müraciət edəcək, erməni katibələri, "zavxoz"ları, "kadr otdel"ləri işə götürəcəklər. Onda günümüzü görəcəyik. Darıxmoun.

Samir SARI 

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31