İki ölkə arasında yeni mərhələ? Erməni ekspertlərinin səfərinin mümkün təsirləri- ÖZƏL
15:34 SiyasətErmənistan hökuməti iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimadın gücləndirilməsi məqsədi ilə 21-25 noyabrda Bakıda keçiriləcək "dəyirmi masa"da iştirak edəcək 5 nəfərlik ekspert qrupunun çarter reysi ilə səfəri üçün 17,5 milyon dram ayırıb. Maraqlıdır, Ermənistanın ekspert qrupunun Bakıya səfəri iki ölkə arasında etimad mühitinin formalaşmasına real töhfə verə biləcəkmi və bu cür təmaslar sülh prosesinin irəliləməsinə hansı dərəcədə təsir göstərə bilər? Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Avqust ayında Vaşinqtonda razılaşdırılmış Birgə Bəyannamədən sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində müxtəlif səviyyələrdə davam etdirilən dialoq ölkələr və cəmiyyətlər arasında etimad mühitinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Cari ilin oktyabrında Ermənistanda baş tutan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünə cavab olaraq ölkəmizdə planlaşdırılan növbəti toplantı dövlətlər arasındakı siyasi ab-havaya müsbət təsir göstərə və illərdir davam edən inamsızlığı azalda bilər.

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya gəlişi işğal nəticəsində formalaşmış psixoloji baryerlərin aşılmasına və dialoq mühitinin genişlənməsinə töhfə verəcək ki, bu da xalqlar üçün mühüm mesajdır. Gələn qrupun məhdud tərkibdə olması hazırkı mərhələdə ciddi nəticələr vəd etməsə də, müsbət tendensiya kimi qiymətləndirilə bilər. Lakin dialoq və etimadın möhkəmləndirilməsi konkret praktik addımlardan asılıdır və bu proses paralel şəkildə hökumətlərin hüquqi yanaşması ilə dəstəklənərək rəsmi müstəvidə möhkəmləndirilməlidir.
Təbii ki, Ermənistanın ictimaiyyət nümayəndələrinin Azərbaycana səfəri dialoq mühitinin inkişafına müəyyən təsir göstərsə də, bu proses dövlətlər və hökumətlər arasında hüquqi prosedurlar çərçivəsində rəsmi şəkildə tənzimlənməlidir. Burada əsas diqqət çəkən məsələ Ermənistanın konkret addımlar atması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı öhdəliklərin tam icrası və təhlükəsizlik məsələlərinə riayət olunmasıdır. Ermənistan bu məsələlərə tam şəkildə əməl etməlidir.
Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərləri dünya üçün də bir mesaj xarakteri daşıyır ki, artıq sülh mühiti formalaşdırılır və bu proses real mərhələyə qədəm qoyur. Dialoq platformasının qurulması, qarşılıqlı səfərlərin təşkili, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və uçuşların həyata keçirilməsi bu prosesin konkret təzahürləridir. Bu, hələ tam sülh olmasa da, sülhə aparan yolda mühüm vasitədir və diplomatik münasibətlərin yumşalmasına, uyğunlaşdırılmasına xidmət edir.
Hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi Ermənistanın atacağı addımlardan və konstruktiv yanaşmasından asılıdır. Xüsusilə sərhəddə təhlükəsizliyin təmin edilməsi, razılaşdırılmış öhdəliklərə əməl olunması və Ermənistan konstitusiyasında Azərbaycana qarşı mövcud olan hüquqi-normativ aktların dəyişdirilməsi vacib şərtlərdir. Ərazi iddiaları aradan qaldırıldıqdan və bu proses yekunlaşdıqdan sonra yekun sülh sazişinin imzalanması və ölkələr arasındakı maneələrin tam aradan qalxması mümkün olacaq".
Zeynəb Mustafazadə