Sanksiyaların ləğvi Aİ və Çinə sərf etmir: Gizli danışıqların gözlənilməz nəticəsi – ÖZƏL

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Rusiya rəsmisi Kirill Dmitriyev Ukrayna müharibəsini bitirmək məqsədilə gizli məsləhətləşmələr aparırlar. "Axios"un məlumatına görə, tərəflər Trampın Qəzza təcrübəsinə əsaslanan 28 maddəlik sülh planı hazırlayıblar.
Dörd əsas istiqaməti (Rusiya-Ukrayna sülhü, Kiyevə təminatlar, Avropa təhlükəsizliyi və ABŞ-nin gələcək münasibətləri) əhatə edən sənəd artıq Mayamidə Ukrayna rəsmisi Rüstəm Umerovla müzakirə olunub. Vaşinqton Avropa tərəfdaşlarını da məlumatlandırmağa başlasa da, Qərbin və Kiyevin plana yekun reaksiyası hələ qeyri-müəyyəndir.

"ABŞ və Rusiya nümayəndələrinin görüş keçirməsi və Trampın hazırladığı plan, təbii ki, Ukraynadakı vəziyyətin nizamlanması istiqamətində ciddi addım kimi qiymətləndirilir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, ancaq burada bir çox məqamlar var ki, bu da Ukraynanı çətin vəziyyətə sala bilər. Çünki de-yure olmasa da, de-fakto ərazi imtinası məsələsi gündəmə gəlir, yəni Ukraynanın öz ərazilərindən müəyyən dərəcədə imtina etməsi ehtimalı mövcuddur. Doğrudur, hüquqi baxımdan heç kim Ukraynaya belə bir tələb irəli sürmür, lakin faktiki olaraq Ukrayna öz ərazilərinin bir hissəsinə nəzarəti itirmiş olacaq.

"Bu, əlbəttə, ciddi problemdir. Amma eyni zamanda Ukraynanın təhlükəsizlik təminatları əldə etməsi, Avropa İttifaqına üzv olması və ölkəyə milyardlarla dollar vəsait ayrılması onun maraqlarının təmin edilməsi baxımından mühüm göstəricidir. Hazırda Vaşinqton çalışır ki, Kiyevi bu plan üzrə razı salın," - deyə ekspert əlavə edib.

Z. Əmrəliyev qeyd edib ki, Rusiya tərəfi ilə danışıqları isə Umerov aparır. O, Prezident Zelenskiyə çox yaxın fiqurdur, daha əvvəl müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi vəzifələrində çalışıb. Göründüyü kimi, Qərb danışıqlar üçün məhz onu seçib.

Ekspertin sözlərinə görə, burada əsas məqsəd Kiyevi razı salmaq və prosesin yekunlaşdırılmasına nail olmaqdır. Əgər proses yekunlaşsa və Ukrayna tərəfi razılıq versə, bu, bölgədə Qərbin mövqelərini gücləndirə bilər. Yəni Ukraynada ABŞ-nin mövqeyinin daha da möhkəmlənməsinə səbəb ola bilər. Digər tərəfdən isə Rusiyanın yenidən güclənməsi üçün də şərait yarada bilər. Çünki Rusiyaya qarşı tətbiq olunan ağır sanksiyaların qaldırılması nəzərdə tutulur. Bu isə nə Çinə, nə region ölkələrinə, nə də Avropa İttifaqına sərf edən variant deyil. Yəni faktiki olaraq Rusiya Çin təsir dairəsindən çıxmış olacaq və bu, Avropa İttifaqının da müəyyən dərəcədə zəifləməsinə gətirib çıxara bilər.

"ABŞ və Rusiya arasında bu razılaşma, mənim fikrimcə, ən çox Avropa İttifaqının və Çinin mövqelərinə mənfi təsir göstərəcək. Bu baxımdan Brüssel və Pekin arasında yeni bir anlaşmanın meydana çıxması ehtimalı da istisna olunmur," - deyə siyasi şərhçi sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31