Tokayev Prezident İlham Əliyevə Ermənistana tanzit yükdaşımalarına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarına görə təşəkkür edib
14:44 SiyasətQazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Ermənistana tanzit yükdaşımalarına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib.
Olaylar.az Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Tokayev Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşün yekunlarına dair KİV nümayəndələrinə danışıb.
"Azərbaycan liderinə sanksiyaların ləğvi və ölkəsinin ərazisi vasitəsilə birbaşa ikitərəfli ticarət üçün şərait yaradılması barədə qərar verdiyinə görə minnətdarlığımı bildirirəm. Belə ki, cari ilin noyabr ayında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 1 min ton həcmində Qazaxıstan buğdasının ilk partiyası çatdırılıb. Bu təşəbbüs xüsusi siyasi və iqtisadi əhəmiyyət kəsb edir",- deyə Tokayev bildirib.
Onun sözlərinə görə, Qazaxıstan Ermənistana yüksək keyfiyyətli taxıl məhsulları və digər malları müntəzəm əsasda tədarük etməyə hazırdır.
"Bu istiqamətin daha da inkişafı üçün bütün zəruri səyləri göstərməyə razılaşdıq", - dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 21 oktyabr tarixində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında Azərbaycan işğal dövründən mövcud olan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını bildirmişdi.