YAP-ın yaranması tarixi missiya idi- ÖZƏL

"Müstəqilliyin ilk illərində Azərbaycan xalqı milli dövlətçilik tariximizin ən ağır və taleyüklü mərhələsini yaşayırdı. 1991-1993-cü illərdə ölkədə siyasi hakimiyyət böhranı, dövlət idarəçiliyində xaos, iqtisadi tənəzzül və ciddi sosial gərginlik hökm sürürdü. Hakimiyyət dəyişiklikləri ardıcıllıqla baş verir, silahlı qruplaşmalar arasında qarşıdurmalar dərinləşirdi. O dövrdə, həmçinin Ermənistanın intensiv hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Belə bir şəraitdə tanınmış ziyalılar çıxış yolunu məhz böyük siyasi təcrübəyə malik olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. 1992-ci il oktyabrın 16-də məşhur "91-lər"in Ümummilli Liderə müraciəti tarixi zərurətin təzahürü idi. Bu müraciət yalnız siyasi tələb deyil, həm də dövlətçiliyin xilası naminə atılmış addım idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi ölkənin siyasi sistemində yeni mərhələnin başlanğıcı oldu. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə YAP-ın Sədri seçildi, partiyanın Proqramı və Nizamnaməsi qəbul olundu.

Ümummilli Lider Heydər Əliyevin "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur" fikri həmin dövrün real siyasi vəziyyətini əks etdirirdi. YAP-ın yaranması yeni bir siyasi gücün formalaşması naminə tarixi missiya idi. Partiya qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirdi, milli həmrəyliyin bərpasına şərait yaratdı. Bu amillər, həmçinin ölkənin gələcək siyasi sabitliyinin, idarəetmə mədəniyyətinin və strateji inkişaf modelinin formalaşmasına təkan verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31