Səyyad Arandan Emin Əmrullayevə çağırış

Milli Məclisin iclasında çıxış edən deputat Səyyad Aran əvvəlcə ölkəmizdəki iqtisadi inkişafdan bəhs edib.

Deputat bildirib ki, qarşıdakı illərdə daha yüksək nəticələr əldə olunacaq. Ardınca S.Aran bəzi problemlərdən bəhs edib. Bildirib ki, İmişli şəhərindəki 1 saylı tam orta məktəbdə çox böyük sıxlıq var: "Mən nazirlə iki dəfə danışmışam. Mənə statistika söylədi, tam qəbul elədim. Bəli, azalma gedir. Hətta bu azalma, yəni, məktəbə gələn uşaqların sayında o dərəcədə diqqət çəkib ki, ölkə mətbuatı da bundan danışır. İndi bu, ayrı bir tamam məsələdir. Bunu həll edərik. Yəni nazirlə razılaşdığım məsələ budur. Amma 1 saylı tam orta məktəbdə bu azalma hiss olunmur. Türklərin ağzı ilə desək, İmişlinin mərkəzi hissəsində yerləşir bu 1 saylı tam orta məktəb. Əhalinin çox sıx məskunlaşdığı yerdir. Məktəbdə 28 otaq, 56 sinif var. Saat 08.00-dan 18:00-a qədər burada iki növbəli dərs gedir. Mən təklif eləmişdim ki, modul məktəblər tikilsin. İbtidai hissə əsas binadan çıxarılsın, bir az həm seyrəklik olsun, həm də bu uşaqlar böyüklərin əli altında qalmasın". 

S.Aran bildirib ki, məktəbin akt zalı yararsız partalarla, stollarla, stullarla, şkaflarla doludur: "Məktəbin rəhbəri yumşaq desək ehtiyatlandığından, amma əslində qorxduğundan, onu silə bilmir. İstəyirəm ki, Təhsil Nazirliyindən səlahiyyətli bir adam gəlsin, o əşyaların silinməsi ilə bu akt zalını qurtarsın, xilas eləsin. Sonra isə hörmətli Emin (Əmrullayev-red.) müəllim, ora bir mebel göndərin! Səhnə ilə bağlı mebellər də göndərin! Əgər məktəbin akt zalı yoxdursa, biz hansı ideoloji təbliğatdan, hansı vətənpərvərlikdən danışa bilərik? Bu məktəbə yardım göstərin. İkinci, Çaxırlı və Bəhrəmtəpə qəsəbə kənd orta məktəbləri...Mətbuatda mənim bu məktəblər üçün nə elədiyimi tapıb, köməkçilərinizə deyin, sizə göstərsinlər. Amma iki məsələ var, stadion məsələsi. Bax, Bəhrəmtəpə futbol məktəbi Azərbaycana, Qarabağ klubuna və milli yığmasına Bəhlul Mustafazadə kimi bir oyunçu, qapıçı yetirib. Bu regionda futbolun inkişafı üçün potensial böyükdür, lakin şərait qənaətbəxş deyil. Stadionun mühafizəsinin təmin edilməsi, həmçinin cüzi inventar - bir neçə set formalar, 5-6 top, 2 qapı toru və digər avadanlıq verilsə, nəticələr daha yaxşı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31