Bakıdakı proseslər: Ermənistan ictimai rəyi Paşinyandan sərt mövqe tələb edir - ÖZƏL

"Əslində, Nikol Paşinyan Bakıda məhkəməsi keçirilən məlum şəxslərin məsələsini gündəmə gətirməyə o qədər də həvəsli deyil. O, dəfələrlə bu mövzuda verilən suallardan yayınmağa çalışıb və münasibət bildirməkdən çəkinib. Lakin Ermənistanın daxili ictimai rəyi və siyasi mühiti ondan bu məsələyə münasibət göstərməyi tələb edir. Paşinyan susqunluq nümayiş etdirdikdə, rəqibləri bundan istifadə edir və onun əleyhinə kampaniyalar təşkil edərək iddia edirlər ki, "baxın, ölkənin baş naziri vətəndaşlarımızı müdafiəsiz qoyub, onların taleyinə biganə yanaşır". Təbii ki, bu cür ittihamlar Paşinyanın siyasi nüfuzuna zərbə vurur. Buna görə də o, müəyyən hallarda bu mövzunu dilə gətirməyə məcbur olur."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Xatırlatmaq istərdim ki, ABŞ Prezidenti Donald Tramp da həmin məsələ ilə bağlı - hərçənd qısa şəkildə - Vaşinqtonda Prezident İlham Əliyev və Paşinyanla keçirilən görüşlər çərçivəsində münasibət bildirmiş və məsələnin Azərbaycanla müzakirə olunduğuna işarə etmişdi.

Azərbaycan isə öz mövqeyini hər zaman açıq şəkildə ifadə edib: həmin şəxslərlə bağlı məhkəmə prosesi başa çatmalıdır. Artıq bəzi işlər üzrə proses yekunlaşır, bəziləri isə hələ davam edir. Məhkəmə prosesi tamamlanmalı, onlar törətdikləri əməllərə görə cəzalandırılmalıdır. Bu mərhələdən sonra müəyyən müzakirələrin aparılması mümkündür, lakin bu, "humanizm nümayiş etdirib onları sərbəst buraxmaq" kimi başa düşülməməlidir. Azərbaycan qarşılığında öz tələblərini irəli sürə bilər.

Mənim şəxsi fikrimə görə, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyan da Azərbaycana təhvil verilməli və onların işi də Bakı məhkəməsində araşdırılmalıdır. Ancaq onların məsuliyyətə cəlb olunmasından sonra hansısa humanizm addımlarından və ya güzəştlərdən danışmaq olar.

Hər kəs qanun qarşısında cavab verməyincə, Ermənistan baş nazirinin bu məsələləri gündəmə gətirməsi sülh prosesinə töhfə vermir. Əksinə, düşünürəm ki, sadəcə daxili ictimai rəyi razı salmaq üçün bu cür bəyanatlar səsləndirilməsi böyük sülh prosesinə ciddi və mənfi təsir göstərir. Bunu unutmamalıdırlar."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31