Kəlbəcərin azadlığı: Azərbaycanın diplomatik uğurunun simvolu - ÖZƏL

"Kəlbəcərin işğaldan azad olunması günü Azərbaycanın tarixi günlərindən biridir. Bu gün həm də ən yaxın tariximizin simvollarından birinə çevrilib. Çünki Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi diplomatiyamızın və dövlətçiliyimizin gücünün bariz göstəricisidir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"25 noyabrda Ermənistan işğalçı qüvvələri Azərbaycanın yaratdığı güclü diplomatik və siyasi təzyiq nəticəsində Kəlbəcəri tərk edərək öz ərazilərinə geri çəkildilər. Bu, şübhəsiz ki, böyük qələbə idi. Məhz Kəlbəcərdən başlayaraq Arazboyu Füzuliyə qədər uzanan geniş bir xətt boyunca Ermənistan 1993-cü ildə işğal siyasətini davam etdirərək Azərbaycanı faktiki olaraq iki yerə bölmüşdü. Bu bölgədə qurulan müdafiə istehkamları ölkəmizin bütövlüyünə ciddi təhdid yaradırdı.

Kəlbəcərin azad olunması həmin işğal xəttinin birdəfəlik ləğvi demək idi. Eyni zamanda Azərbaycanın diplomatik uğuru nəticəsində bu torpağın bir güllə belə atılmadan geri qaytarılması tariximizə yazılacaq mühüm hadisədir.

Kəlbəcərin azad edilməsi Laçının da dinc yolla geri qaytarılması üçün zəmin yaratdı. Çünki bu proses bütün dünyaya açıq mesaj verdi: Azərbaycan öz torpaqlarını azad edir və Ermənistan bu əraziləri 30 il ərzində qeyri-qanuni şəkildə işğalda saxlayıb.

Bu baxımdan Kəlbəcərin azad olunmasını ölkəmizi iki yerə ayıran işğal xəttinin tamamilə aradan qaldırılması mərhələsi kimi də dəyərləndirmək olar. Çünki Füzulidən Kəlbəcərə qədər uzanan işğal zolağı 25 noyabr tarixi ilə faktiki olaraq sona çatdı.

25 noyabrda Azərbaycan diplomatiyasının, ordusunun, xalqının və ölkə Prezidentinin birliyi ilə qazanılan bu qələbə bütün dünyaya nümayiş etdirildi."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31