Fransız-erməni təşkilatlarının qayıdış tələbi sülh prosesinə maneə yaradır- ÖZƏL

Fransız-erməni təşkilatları BƏM-in 2021-ci il qərarını əsas gətirərək "artsax ermənilərinin Azərbaycana qayıtması" və "təzminat" tələb edir, lakin reallıq fərqlidir. Belə ki, Paşinyan qayıdışı təhlükəli sayır, bölgəni tərk edənlərin çoxu Ermənistan vətəndaşı olub və Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Bu tələblər sadəcə siyasi manipulyasiyadır.
Fransız-erməni təşkilatlarının bu bəyanatı sülh prosesinə hansı təsiri göstərə bilər? Bu kimi addımlar regiondakı reallıqlara tam zidd olduğu halda kimə xidmət edir?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 

"  Azərbaycan və Ermənistan arasında 8 avqust Vaşinqton görüşündən sonra bir sıra pozitiv məqamlar özünü göstərir və xüsusilə vətəndaş cəmiyyəti üzvlərinin görüşü, ondan sonraki mərhələdə parlament nümayəndələrinin görüşü və bu kimi müsbət proseslər sülhə töhfə verir. Təəssüf ki, hələ də revanş arzusunda olan və Qarabağdan könüllü gedən ermənilərin qayıdışı ilə bağlı mübarizə aparan qüvvələr də tapılır və Fransız-erməni təşkilatının yaydığı bəyanat tamamilə yol verilməzdir. Hesab edirəm ki, bu, Ermənistanın siyasi rəhbərliyinin fəaliyyətinə də ziddir və ona qarşı yönəlmişdir. Bu cür qüvvələr Azərbaycan və Ermənistanı sülhdən yayındırmağa çalışırlar. Lakin düşünürəm ki, sülh istiqamətində çox prinsipial mövqe və siyasi iradə olmalıdır ki, bu cür qüvvələrin fəaliyyəti aradan qaldırılsın. Hətta Ermənistanın siyasi rəhbərliyi və siyasi elitası da bu cür çağırışlara qarşı öz mövqeyini qəti şəkildə ortaya qoymalıdır. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan da  bildirilmişdir ki, Qarabağlı ermənilər haqqında danışmaq, bu məsələni ortaya qoymaq sülh əleyhinədir, sülhə qarşıdır. Hesab edirəm ki, bu düşüncəni davam etdirmək və daha da gücləndirmək müstəsna əhəmiyyətə malikdir. Çünki biz çox tarixi bir mərhələdəyik, sülh müqaviləsi paraflanmışdır və Ermənistan konstitusiyası dəyişdikdən sonra onun imzalanması hazırda aktuallığını qoruyur. Düşünürəm ki, məhz bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək önəmlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31