Azərbaycanın Mərkəzi Asiyanın tamhüquqlu üzvü seçilməsi çıxılan strateji yoldan xəbər verir - ÖZƏL

"Dünyanın aparıcı aktorlarının nəzərlərinin fokuslandığı Mərkəzi Asiya regionu ilə Cənubi Qafqaz regionunun ən güclü aktoru Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi dövlətlər qədər, cəmiyyətlərin də yüksək əhval-ruhiyyə ilə qəbul etdiyi məsələdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev türk dövlətləri arasında hərbi birliyin yaradılması mesajını verərkən dövlət başçımızın ritorikasının hər zaman təcrübəyə keçdiyini də nəzərə alaraq mesajı adi bir mesaj kimi deyil, olduqca ciddi qəbul etdik. Budur, nəticə etibarilə Azərbaycanın Mərkəzi Asiyanın tamhüquqlu üzvü seçilməsi çıxılan strateji yoldan xəbər verir."

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Tarix boyu Mərkəzi Asiya dövlətləri ilə təzyiq göstərilməyə çalışılan münasibətlər formalaşdırılmağa, sünilik gətirilməyə çalışılsa da qürurverici məqamdır ki, heç bir tərəf soykökündən uzaq düşmədi. Tam əksinə, dəyişən dünyanın yeni reallıqlarını da nəzərə alaraq atdığımız addımları maksimum uzlaşdırmağa çalışdıq. Elə məhz bunun nəticəsi oldu ki, Qarabağ Zəfəri Mərkəzi Asiya dövlətlərində də böyük sevinclə qarşılandı. Gözümüz dəstək axtaranda yanımızda ilkin olaraq qardaşlarımızı gördük.  Özbəkistanın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbinin, Qazaxıstanın Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin, Qırğızıstanın Ağdamda Manas məktəbinin fəaliyyət göstərməsi, 2025-ci ilin oktyabrında isə Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməlinin qoyulmasını xalqımız hər zaman yüksək qiymətləndirəcək.
Həm Mərkəzi Asiya, həm Azərbaycan strateji nöqtələrdir. Bu iki strateji nöqtənin güclərini birləşdirməsi bütün Avrasiya məkanında alınacaq qərarlara fundamental ölçüdə təsir göstərəcək, inkişafa təkan verəcək. Əsasını iqtisadi layihələrin təşkil etdiyi əməkdaşlıqlar formatı böyük bir regionun xalqlarına fayda gətirəcək. Bir tərəfdən, ABŞ-ın son zamanlarda fokusunu yenidən Mərkəzi Asiyaya çevirməsi, digər yandan ABŞ-Azərbaycan münasibətlərinin mövcud durumu, TRIPP layihəsinin aktuallığı, hal-hazırki Prezident Donald Trampın biznes keçmişi daha çox maliyyə tutumlu layihələrin reallaşdırılacağından xəbər verir. Geosiyasi və geoiqtisadi amillərin təhlükəsiz reallaşdırılması baxımından Azərbaycanın Mərkəzi Asiyanın düz mərkəzinə gətirilməsi Mərkəzi Asiya qədər böyük güclərin də Azərbaycana olan etimadından xəbər verir. 
Azərbaycan Cənubi Qafqazı inkar etmədən artıq Mərkəzi Asiya üzərindən də siyasət yürüdür. Dünyanın siyasi mənzərəsində geosiyasi və geoiqtisadi ssenarilər qurularkən Cənubi Qafqazın, Azərbaycanın maraqlarını nəzərə almadan yürüdülməyə çalışılan siyasətin önünün alınması məhz Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində mümkün olur. İstənilən qərarın qəbulu zamanı Azərbaycanın milli maraqları nəzərə alınmalıdır. Həm də o baxımdan ki, milli maraqlarımız realizə edilərkən heç bir aktorun maraqlarının ziddinə getmirik. Nisbət, konstruktiv yanaşma, praqmatizm, habelə qətiyyət qızıl qaydalar olaraq xarici siyasətimizin əsasını təşkil edir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31