Qarşıdurma istəyən üçüncü qüvvələr: Fransız–erməni birliyinin arxasında kimlər gizlənir? – ÖZƏL

Noyabrın 18-də 40 fransız-erməni təşkilatı Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) 2021-ci il qərarının ildönümü ilə bağlı birgə bəyanat yayıb. Sənəddə iddia olunur ki, guya BƏM "artsax ermənilərinin Azərbaycana təhlükəsiz və maneəsiz qayıtmasının təmin edilməsini tapşırıb". Bəyanat müəllifləri həmçinin "120 min erməninin cinayətkar blokada və hərbi hücumla öz torpaqlarından qoparıldığını", "kilsə və qəbiristanlıqların dağıdıldığını" və "tarixi izlərin silindiyini" iddia edərək Azərbaycana qarşı növbəti dezinformasiyalar səsləndirirlər.

"Fransız-erməni təşkilatlarının belə bir bəyanatla çıxış etməsi sözün bütün mənalarında təxribatdır. Çünki hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi, sülh sazişinin imzalanması üçün ümidlərin yarandığı, regionda böyük layihələrin, o cümlədən kommunikasiyaların açılması məsələlərinin müzakirə olunduğu bir dönəmdə belə bir bəyanatın verilməsi təsadüfi deyil".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu, bölgədəki proseslərin ümumi müsbət atmosferinə zidd olan bir addımdır. Təbii ki, əgər bu məsələ ciddi mərkəzlərdən, müəyyən siyasi dairələrdən dəstəklənsə, düşünürəm ki, bu, Cənubi Qafqazdakı sülh prosesinə çox ciddi zərbə vura bilər. Amma xoşbəxtlikdən Ermənistan hökuməti bu mövqeni bölüşmür. Ona görə də bu, daha çox ictimai rəyə təsir göstərmək üçün ortaya atılmış zəhərli bir fikirdir.
Qərəzli bir yanaşma kimi müəyyən təsir göstərə bilər. Lakin bu, nə Ermənistan dövlətinin rəsmi mövqeyidir, nə də erməni xalqının ümumi ovqatını əks etdirir. Lakin bütün hallarda bu, təxribatdır və bölgədə sülhün bərqərar olmasına vurulan zərərdir.

"Bu addımın kimə xidmət etməsinə gəlincə, bu, çox ciddi məsələdir. Mən yenə də düşünmürəm ki, bu, erməni xalqının maraqlarına uyğundur. Hətta Fransanın belə maraqlarına tam uyğun deyil. Çünki Fransanın özü də artıq Azərbaycanla münasibətləri normallaşdırmaqda və əməkdaşlıq etməkdə maraqlıdır. Belə olan halda bu görüntünün arxasında üçüncü qüvvələrin dayandığı görünür. Cənubi Qafqazda yenidən qarşıdurmaların yaranmasını istəyən güclərə lazım olan addımdır. Əgər bölgədə yenidən gərginlik olsa, üçüncü qüvvələrin burada fəallaşması və müdaxilə imkanları genişlənəcək. Ola bilsin ki, bu qüvvələr hələlik Fransız-erməni birliyinin arxasında gizlənirlər, lakin əslində daha məkrli və daha təhlükəli maraqlara xidmət edirlər. Qayıdış məsələsi isə kifayət qədər ağır mövzudur," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, "120 min erməninin Qarabağdan köçü" iddiası tamamilə şişirdilmiş rəqəmdir. Bu, ənənəvi erməni yalanının növbəti təzahürüdür. Reallıqda təqribən 20-30 min ermənidən söhbət gedə bilər. Onların arasında kifayət qədər çox sayda cinayətkarlar da vardı. Bunlar qanunsuz şəkildə bölgəyə köçürülmüşdü. Suriyadan, İraqdan, Livandan gətirilən şəxslər var idi ki, onlar da qanunsuz məskunlaşdırılmışdılar. Onların böyük qismi terrorçu və ya müxtəlif cinayətlərdə iştirak etmiş şəxslər idi. Sadəcə Azərbaycan ordusu bölgəyə nəzarəti bərpa edəndə başa düşdülər ki, onların kimliyi araşdırılacaq. Buna görə də özləri bölgəni tərk etdilər.

Ə. Mustafa vurğulayıb ki, onların hamısını "sivil əhali" kimi göstərmək riyakarlıqdır və qərəzli mövqedir. Digər tərəfdən, qayıdış məsələsi ümumilikdə müzakirə olunursa, onda Ermənistandan qovulmuş təqribən 5 milyon Azərbaycanlı türkün qayıdışı da gündəmə gətirilməlidir. Ümumilikdə bu məsələ yalnız paket formasında müzakirə oluna bilər. Biz həmçinin bilirik ki, Qarabağdakı ermənilərin böyük əksəriyyəti Ermənistan vətəndaşları idi. Onlar sadəcə olaraq öz vətənlərinə qayıdıblar.
Qarabağda qanunsuz şəkildə məskunlaşıb evlər dağıdır, faktiki işğal siyasəti aparırdılar. İndi bunun mümkün olmadığını gördüklərinə görə rəsmi vətəndaşı olduqları ölkəyə geri dönüblər.

"Bütün hallarda müəyyən təbliğat təsiri var. Mən hesab edirəm ki, bu daha çox Ermənistanın özünə zərərdir, nəinki Azərbaycana. Azərbaycan hələ də 30 il ərzində törədilən cinayətlərin izlərini tam aradan qaldırmağa çalışır. Onların milyonlarla azərbaycanlını qovması, şəhər və kəndləri dağıtması tam şəkildə sənədləşdirilmiş faktlardır. Belə bir vəhşiliyi törədənlərin "məzlum" kimi təqdim edilməsi gülüncdür. Artıq dünyanı belə uydurmalarla aldatmaq mümkün deyil," - deyə siyasi şərhçi sonda əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31