Kəlbəcərin azadlığı: Azərbaycanın yeni strateji mərhələsi – ÖZƏL

"2020-ci il 25 noyabr! - Kəlbəcərin işğaldan azad edildiyi gün! - Azərbaycan üçün hərbi qələbə olmaqla yanaşı, biz bu günə bölgənin təhlükəsizlik arxitekturasını dəyişən böyük geosiyasi dönüş nöqtəsi kimi də baxa bilərik. Prezident İlham Əliyevin bu tarixi Kəlbəcər Şəhəri Günü kimi rəsmiləşdirməsi isə həm Zəfərin yaddaşda möhkəmlənməsi, həm də bölgənin sürətli dirçəlişinə verilən siyasi ismarıcdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. O bildirib ki, Kəlbəcərin azad olunması Murovdağ-Şərqi Zəngəzur xəttində Azərbaycanın tam nəzarətini təmin edərək ölkəmizin sərhəd təhlükəsizliyini keyfiyyətcə yeni mərhələyə qaldırdı. Strateji yüksəkliklər üzərində üstünlük həm Ermənistan tərəfindən mümkün təxribat risklərini minimuma endirdi, həm də Qarabağ və Gəncə-Daşkəsən yönlərində sabitlik üçün "təhlükəsizlik qalxanı" yaratdı.
Kəlbəcər Azərbaycanın su, enerji, mineral və hidroresurs baxımından ən zəngin ərazilərindən biridir. Kəlbəcərimizin geri qurtuluşu 
yeni hidroelektrik stansiyaların tikintisini, qızıl yataqlarının qanuni istismarını, "yaşıl enerji zonası"nın formalaşmasını və s. mümkün qıldı və ölkəmizin iqtisadi təhlükəsizliyinə əlavə dayaqlar yaratdı.

"Kəlbəcərdə aparılan sürətli bərpa-quruculuq və "Böyük Qayıdış" layihələri Azərbaycanın savaşsonrası dönəm siyasətinin mahiyyətini açıq nümayiş etdirir: əvəzçıxma yox, quruculuq; dağıntıların sadəcə aradan qaldırılması yox, yeni həyatın inşası. Bax, bu da, Azərbaycanın bölgəsəl nüfuzunu artırır, barış modelini gerçək faktlarla təsdiqləyir," - deyə türkoloq qeyd edib.

Araşdırmaçı-yazar əlavə edib ki, Kəlbəcər Şəhəri Günü bir şəhərin, elin bayramı olmağın yanında Azərbaycanın güclənən dövlətçiliyinin, yeni iqtisadi xəritəsinin və möhkəmlənən bölgəsəl mövqeyinin rəmzidir. Bu gün Kəlbəcər həm qayıdışın sevincidir, həm də gələcəyin strateji əsaslarından biridir.

Dövlətimiz zaval görməsin!

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31