Şakir Ağayev: İran rejimi SSRİ-dən tam fərqlidir – onu ancaq daxili dinamika dəyişə bilər – ÖZƏL
15:19 SiyasətABŞ MKİ-nin keçmiş əməkdaşı Norman Roul iddia edir ki, İran rejimi 1980-ci illərin sonundakı SSRİ kimi daxildən süquta doğru gedir. O, Ali Lider Əli Xamneyinin ölümündən sonra rejimin davam etməsini istəməyən daxili dairələrin mövcudluğunu bildirir. Roul xarici müdaxiləyə inanmasa da, ABŞ-nin İran xalqına sistemi içəridən dəyişmək üçün dəstək verməsini vacib sayır.
"İranın indiki iqtisadi durumu, sosial problemlərin daha da genişlənməsi, iqtisadiyyatın zəifləməsi, pulun, yəni İran rialının dəyərdən düşməsi göstərir ki, İranda problemlər sözün həqiqi mənasında çoxdur. Bu müqayisəni yaradan da məhz həmin problemlərdir. İran hakimiyyəti daxilindəki problemlər müəyyən mənada sovet dövründəki vəziyyətlə müqayisə edilir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, amma sovet dövrü ilə indiki İran rejimi tam fərqli sistemlərdir: Sovet ittifaqı din üzərində qurulmuş bir sistem deyildi. Sovet ittifaqında 15 respublika var idi - müxtəlif millətlər, xalqlar, etnik qruplar mövcud idi. Bu millətlərin bir çoxu vaxtilə müstəqil dövlətlər olmuşdular. Daha sonra onları "Sovet İttifaqı" adlı bir dövlətin tərkibində birləşdirmişdilər. Ona görə müqayisə edəndə fərqlər çox böyükdür.
Ş. Ağayev əlavə edib ki, İran isə dini dövlətdir. İslam bu dövlətin əsasını və ideoloji təməlini təşkil edir. Buna görə də ideoloji baxımdan bu iki sistem tamamilə fərqlidir. İranın bu günə qədər mövcudluğunu qoruyub saxlamasının əsas səbəblərindən biri də məhz həmin ideoloji sütunlardan istifadə etməsidir. Sosial-iqtisadi çətinliklərə baxmayaraq, dövlətin dayaqlarından biri ideologiyadır. Bu da çox güclü ideoloji sistemdir.
"Gəldik inqilab məsələsinə... Siz də bilirsiniz, tarixən İran daxilində bir neçə dəfə belə proseslər olub və yenə də ola bilər. Sözsüz ki, Amerika və Qərb dövlətləri də bu proseslərin müşahidəçiləridir. Amma onlar çox yaxşı bilirlər ki, İrana xarici müdaxilə etmək mümkün deyil. Biz bunu İran-İsrail arasında baş verən 12 günlük hava əməliyyatları zamanı da gördük. Hətta ABŞ İsrailə yardım etdi, açıq bəyanatlarla çıxış etdi, amma rejim dəyişmədi.
Ekspertin sözlərinə görə, İran rejiminin dəyişilməsi yalnız daxildən ola bilər. Daxili qüvvələrin münasibətindən, daxili dinamikanın dəyişməsindən asılıdır. Amma nə qədər ki, dini lider prezidentdən tutmuş kabinetə, parlamentə qədər bütün əsas fiqurları özü təyin edir, bu proses çətin olacaq. Xarici qüvvələr çalışırlar ki, İran sosial-iqtisadi problemlərin içində boğulsun və dəyişiklik baş versin. Amma indiki ideoloji sistem buna hələlik imkan vermir. Yenə də təkrar edirəm: İran rejiminin dəyişməsi yalnız və yalnız daxili proseslərin nəticəsi olaraq mümkün ola bilər.
Sevda Dəniz