YAP 33 il ərzində öz şanlı adını qızıl hərflərlə yazdırıb- ÖZƏL
14:28 Siyasət"Azərbaycanın ən güclü siyasi təsisatı və təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranma tarixi faktiki olaraq Azərbaycanın müstəqillik tarixi ilə eyni dövrə düşür. YAP tariximizin 33 illik dövrünə öz şanlı adını qızıl hərflərlə yazdırıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb dövründə ‒ölkəmizin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə yaranmışdır və bu, obyektiv zərurət idi. O vaxt ölkəyə rəhbərlik edən təsadüfi adamların yarıtmaz idarəçiliyi və Ermənistan hərbi təcavüzü, yenicə qazanılmış dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı. Bütün ümidlər Azərbaycan xalqının yeganə xilaskar hesab etdiyi Ümummilli Lider Heydər Əliyevə yönəlmişdi.
Belə bir kritik şəraitdə Azərbaycanın tanınmış vətənpərvər ziyalıları nicat yolunu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında sağlam siyasi prosesin başlanmasında, siyasi təşkilatlanmada gördüklərindən 1992-ci il 16 oktyabr tarixli müraciətdə onun yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu.
Əslində bu tarixi sınaq mərhələsində Ulu Öndər Naxçıvanda geridönməz ictimai-siyasi prosesin və Azərbaycanın müstəqilliyinin təməllərini qoymuşdu. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan və taleyin ümidinə buraxılmış Muxtar Respublikanı ağır təhlükədən qurtaran Heydər Əliyev milli dövlət, milli ideya uğrunda yorulmaz qətiyyətlə çalışırdı.
Naxçıvanda ümumdövlət hərəkatına çevrilən milli ideya xalqın birləşməsini, həmrəylik və mütəşəkkilliyini də gücləndirdi. Bu baxımdan YAP-ın yaranması barədə müraciət siyasi zərurətdən meydana çıxan tələbat idi. Ulu Öndərin də vaxtilə xatırlatdığı kimi "müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".