Bəhruz Quliyev: Ekstradisiya baş tutarsa, istintaq Serj Sərkisyana qədər uzana bilər – ÖZƏL

Ermənistan hökuməti, 2008-ci il 1 Mart faciəsinin ədalətli araşdırılması istiqamətində mühüm addım atır. Baş Prokuror Anna Vardapetyanın rəsmi bəyanatına görə, İrəvan Moskvadan iki əsas fiqurun - keçmiş Baş prokuror Gevork Kostanyanın və 1 Mart hadisələri üzrə istintaq qrupunun sabiq rəhbəri Vaaqn Arutunyanın ekstradisiyasını tələb edəcək.
Hazırda hər iki keçmiş yüksək vəzifəli məmurun Rusiya Federasiyası ərazisində olduğu bildirilsə də, Kreml hələlik onların Ermənistana təhvil verilməsi barədə yekun qərarını açıqlamayıb.

"Ermənistan hökumətinin Rusiyadan keçmiş baş prokuror Gevork Kostanyan və 1 Mart istintaq qrupunun rəhbəri Vaaqn Arutunyanın ekstradisiyasını tələb etməsi hökumətin 1 Mart faciəsini yenidən siyasi gündəmin mərkəzinə gətirmək cəhdidir".

Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, lakin Moskvanın bu şəxslərin təhvil verilməsinə razılıq verəcəyi real görünmür. Çünki bu fiqurlar Rusiyanın Ermənistan üzərində təsir rıçaqlarından biridir və Kremlin Paşinyan hakimiyyətinə etimadı yoxdur.

Ekspert əlavə edib ki, bununla belə, ekstradisiya baş tutarsa, istintaqın Serj Sərkisyana qədər uzanması tamamilə mümkündür. Kostanyan və Arutunyanın ifadələri 1 Martda atəş əmrlərinin haradan gəldiyini, sübutların niyə saxtalaşdırıldığını və prosesin hansı siyasi mərkəz tərəfindən yönləndirildiyini açıq şəkildə ortaya qoya bilər.

"Bu səbəbdən məsələ təkcə hüquqi deyil, həm də ciddi siyasi hadisədir  və onun açarı hələ ki, Moskvanın əlindədir," - deyə şərhçi əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31