“Ağdam bölgənin iqtisadi mərkəzinə çevriləcək”-Ekspert- ÖZƏL
12:50 Siyasət"Torpaqlarımızın işğal günləri artıq tarixdə qalıb. Bundan sonra tariximizdə işğaldan azad olunma və quruculuq günlərini qeyd edəcəyik". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, işğaldan azad olunmuş Ağdam şəhərinə ilk köçün tarixi də simvolikdir: "Bu gün Ağdamın işğaldan azad edildiyi gündür. Bundan öncə 20 noyabr Azərbaycan tarixinə helikopter faciəsi günü kimi düşmüşdü. 1991-ci ilin 20 noyabrda Azərbaycanın görkəmli dövlət xadimlərini daşıyan helikoter Qarakənd səmasında vurulmuş, tanınmış ziyalılarımız şəhid olmuşdu. Nə qədər ki Qarabağ işğalda idi, 20 noyabr yaddaşımızda ağırılı xatirələrlə qalmışdı. 34 il öncə erməni terroruna qurban gedən görkəmli dövlət xadimlərimiz və ziyalılarımız Dağlıq Qarabağda erməni zülmünə məruz qalan soydaşlarımızın harayına çatmaq istəyirdilər. 34 il öncə onlar Qarabağda erməni zülmünə məruz qalan əliyalın soydaşlarımıza kömək edə bilmədilər. Lakin 29 il sonra haqq savaşına qalxmış Azərbaycan Qarabağı işğaldan azad etməklə o insanların da, bütün şəhidlərin də arzusunu reallaşdırdı. Bu gün Qarabağ azaddır və torpaqlarımızın azadlığı uğrunda öz həyatını qurban edən insanlarımızın ruhu şaddır. 2020-ci ildə baş vermiş 44 günlük savaşdan sonra Ermənistan kapitulyasiyaya imza atmaq zorunda qaldı. Noyabrın 20-də işğalçı ordu Ağdamı tərk etməli oldu. Həmin gün tariximizə Ağdamın azad olunduğu gün kimi düşdü. Birinci Qarabağ savaşında Ağdamın xüsusi yeri və çəkisi vardı. Ermənilər hələ Sovet dönəmindən Ağdamdan çəkinirdilər.

Qarabağ savaşı başlananda ilk şəhidləri də Ağdam vermişdi. Birinci Qarabağ savaşında da ən çox şəhid verən rayon Ağdam olmuşdu. Qarabaş savaşında Ağdam Azərbaycan tərəfinin əsas qərargahı və səngəri idi. Ermənilər bir neçə il "Qrad" yağışının altında yaşayan Ağdam əhalisindən o qədər acıqlı idi ki, işğal dönəmində şəhərdə bir bina, tikili belə sağ qoymadılar. Bu gün isə Ağdam yenidən dirçəlir və sakinlərini qəbul edir".
Elman Cəfərli deyib ki, Qarabağa Böyük Qayıdış prosesinin ləngiməsi obyektiv səbəblərlə bağlıdır: "Müharibə bitib, amma savaşın ən ağır mirası-mina problemi qalıb. Qarabağ ərazisində təxmini hesablamalara görə, 1.5 milyondan çox piyada və texnika əleyhinə mina, partlamamış sursatlar var. Öncə minalar təmizlənməli, sonra ərazidə quruculuq işləri görülməlidir. Vaxtımızı daha çox alan mina problemidir. 5 il ərzində Ağdamda məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün ciddi işlər görülüb. Yaşayış binaları, sənaye müəssisələri, turizm obyektləri, inzibati binalar tikilib, təhsil və səhiyyə müəssisələri inşa edilib. Tikinti-quruculuq işləri yaşıl texnologiyalara əsaslanır. Ağdamda velosiped yolları şəbəkəsi yaradılıb. Ağdam yenidən dirçələcək və yenə də Qarabağ, bütövlükdə regionun iqtisadi, mədəni mərkəzi olacaq".
İBRAHİM MƏMMƏDLİ