Gürcüstan Qərbin sanksiya təhdidi altında: Balans siyasəti Aİ ilə əlaqələri gərginləşdirir – ÖZƏL
13:58 Siyasət"Gürcüstanla bağlı məsələlərə nəzər saldıqda görürük ki, Avropa İttifaqı ilə Gürcüstan arasında, ümumilikdə isə Qərblə Gürcüstan arasında artıq uzun müddətdir gərginlik yaşanır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gərginlik ölkədə hakimiyyət dəyişikliyindən sonra daha da artdı. Yeni hakimiyyət regional siyasətdə daha balanslaşdırılmış və neytral xətt yürütməyə çalışır. Halbuki Zurabişvilinin rəhbərlik etdiyi əvvəlki hakimiyyət açıq şəkildə Qərb yönümlü idi və Qərbin bütün siyasi gündəmini Gürcüstana gətirməyə çalışırdı. Bunun nəticəsində ölkə regionda gedən proseslərdən müəyyən qədər uzaqlaşmış və gərginliklər yaranmışdı.
"Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesinin sürətlənməsi ölkəni Rusiyadan daha da uzaqlaşdırdı. Yeni hakimiyyət isə bunun əksinə olaraq bütün ölkələrlə - Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan, İran və digər region dövlətləri ilə daha normal, adekvat münasibətlər qurmağa çalışır. Rusiya ilə əlaqələrin yumşalması isə Gürcüstan cəmiyyəti daxilində, xüsusən də Qərbyönlü müxalifət arasında narazılıqlara səbəb olub," - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, son aylarda baş verən proseslər - mitinqlər, etiraz aksiyaları və digər iğtişaşlar Qərbin Gürcüstandakı təsirinin açıq şəkildə hiss olunduğunu göstərir. Gürcüstan hökuməti dəfələrlə bəyan edib ki, xarici qüvvələrin ölkədə "ikinci Ukrayna" ssenarisi yaratmasına imkan verilməyəcək. Bu sərt mesajlar Avropa İttifaqı tərəfindən xoş qarşılanmayıb və gərginlik daha da dərinləşib.
Ekspert əlavə edib ki, hazırda Avropa İttifaqı Gürcüstanda Qərb yönümlü müxalifəti dəstəkləyərək ölkədə yenidən hakimiyyət dəyişikliyinə nail olmağa çalışır. Eyni zamanda Aİ rəsmilərinin bəyanatları göstərir ki, onlar Gürcüstan cəmiyyətini yeni hakimiyyətə qarşı yönləndirmək niyyətindədirlər. Bu prosesin davamı olaraq Aİ Gürcüstan hökumət nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Məsələn, bu yaxınlarda Estoniya Aİ üzvü kimi gürcü rəsmisinə qarşı ölkəyə giriş qadağası tətbiq edib.
Avropa İttifaqı Gürcüstanın Rusiya ilə münasibətlərinin isinişməsini "Qərbə xəyanət" kimi qiymətləndirir və ölkəni yenidən Rusiyadan uzaqlaşdıraraq Avropaya yaxınlaşdırmağa çalışır. Bu qarşıdurma Gürcüstan daxilində yeni siyasi gərginliklərə səbəb olur və proses diplomatik münasibətlərdə də özünü göstərir.
"Aİ açıq şəkildə Gürcüstan hakimiyyətinə bildirir ki, əgər əvvəlki siyasi kursa, yəni Rusiyadan uzaq, Qərbə yaxın xəttə qayıdılmasa, vizasız rejimin ləğvi də daxil olmaqla müxtəlif sanksiyalar gündəmə gətirilə bilər. Avropa Birliyi regiondakı sabitliyi pozmaqda maraqlı görünür və Gürcüstan hökuməti də bunu anlayaraq bildirir ki, ölkə ərazisində Qərbə yeni cəbhə açmağa imkan verilməyəcək.
Gürcüstan rəsmilərinin sözlərinə görə, Avropa Birliyi əvvəllər Qafqaza daxil olmaq üçün Gürcüstandan necə istifadə edirdisə, bu gün oxşar cəhdləri Ermənistan üzərindən həyata keçirməyə çalışır," - deyə R. Məmmədova sonda vurğulayıb.
Sevda Dəniz