TRIPP marşrutu Azərbaycan vasitəsilə regional birləşməni gücləndirəcək - Mirzoyan
20 Noyabr 2025 11:01 Siyasətİlk növbədə, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması həqiqətən də Ermənistan üçün vacibdir. Azərbaycanla əldə olunmuş sülhün daha da institusionallaşdırılması da az əhəmiyyət daşımır.
Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanın Ermənistanla bağlı son bəyanatını şərh edərkən deyib.
O qeyd edib ki, nəqliyyat infrastrukturunun açılmasına gəldikdə isə, bu prosesin əsas prinsipləri 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya, qarşılıqlıq.
"Bu çərçivədə müəyyən edilmiş TRIPP marşrutu həm Azərbaycanın Naxçıvanla, həm də Ermənistanın digər ölkələrlə və daha geniş miqyasda - regionlarla Ermənistan və Azərbaycan üzərindən birləşməsini təmin edəcək. Ermənistan onun mümkün qədər tez həyata keçirilməsi üçün fəal səylər göstərir", - erməni nazir əlavə edib.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Hakan Fidan Böyük Millət Məclisindəki (TBMM) çıxışında Türkiyə və Ermənistan arasındakı əlaqələrə toxunub. Nazir həmçinin, Türkiyənin Azərbaycanla koordinasiya və həmrəylik içində əlaqələr qurduğunu da vurğulayıb.
"Ölkəmizlə əlaqələrini normallaşdırma mövzusunda açıq və istəkli bir mövqe göstərən Ermənistanla müxtəlif səviyyələrdə dialoqumuzu davam etdirir, atıla biləcək konkret addımlar üzərində ortaq işlərimizi səmimiyyətlə irəlilədirik. Türkiyə Cənubi Qafqazda sülhün təsis edilməsi və bölgədə ortaq bir rifah sahəsi yaradılması üçün səy göstərməyə davam edir", - nazir bəyan edib.