907-ci düzəlişin taleyi dəyişir? Vaşinqton səfəri strateji imkanlar açır- ÖZƏL
18:44 SiyasətMilli Məclisin komitə sədri Səməd Seyidovun rəhbərliyi ilə bir qrup diplomatın Vaşinqton səfəri ABŞ-Azərbaycan münasibətlərində yeni dinamika yarada bilər. Dövlət katibinin müavini Alison Hukerin Bakıya səfəri əsasən Zəngəzur dəhlizi ilə bağlı olsa da, Azərbaycan tərəfi bu prosesdə uzun illərdir iki ölkə əlaqələrinin qarşısını kəsən "907-ci düzəliş"in ləğvini də gündəmə gətirə bilər.
ABŞ Müdafiə Nazirliyinin "Stars and Stripes" nəşri də Konqresi həmin düzəlişi ləğv etməyə çağırıb. Məlumdur ki, düzəliş Ermənistan-Azərbaycan münaqişəsi dönəmində erməni lobbinin təsiri ilə qəbul edilmişdi və bu günədək Azərbaycana birbaşa yardımın qarşısını alır. Hər il müvəqqəti "dondurulsa" da, hüquqi prosedurun mürəkkəbliyi səbəbindən bir dəfəlik ləğv edilmir. ABŞ ekspertləri isə artıq açıq şəkildə bildirirlər ki, bu maddə Vaşinqtonun Cənubi Qafqaz siyasətinə mane olur və Amerikanın öz maraqlarına uyğun deyil.
Vaşinqton səfəri fonunda "907-ci düzəliş"in ləğvi üçün real siyasi imkan varmı, yoxsa proses yenə də illik dondurulma ilə məhdudlaşacaq? ABŞ-ın Cənubi Qafqazda artan fəallığı fonunda bu düzəlişin qüvvədə qalması iki ölkə münasibətlərinə hansı strateji riskləri yaradır?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
"Vaşinqton görüşündən sonra ABŞ və Azərbaycan arasında münasibətlər yeni səviyyəyə qalxıb. Bu, strateji əlaqələrin möhkəmlənməsi, əməkdaşlıq perspektivlərinin genişləndirilməsi və cari vəziyyətin əvvəlkilərə nisbətən optimallaşması ilə səciyyələnir.
Zəngəzur (TRIPP) dəhlizinin açılmasının razılaşdırılması da bu əməkdaşlığa əlavə töhfə verir və ölkələr arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Hazırda ABŞ-Azərbaycan münasibətlərinin tam keyfiyyətli yüksəlişinə mane olan əsas məsələlərdən biri 907-ci düzəlişdir. Vaşinqton görüşündə Prezident Donald Tramp 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı memorandum imzalayıb. Bu, düzəlişin tam ləğvi olmasa da, əməli olaraq onun dondurulmasını təmin edir. Azərbaycan tərəfi isə bu məsələnin birdəfəlik və tam ləğv olunmasının vacibliyini qarşı tərəfə bildirib.
Azərbaycanın ABŞ-dakı nümayəndə heyətləri və müxtəlif platformalar vasitəsilə mövqeyini təqdim etməsi, həmçinin ABŞ-Azərbaycan Beynəlxalq Mərkəzlərinin fəaliyyəti, bu prosesin yaxın gələcəkdə müsbət həllinə ümid yaradır.
Prezident İlham Əliyevin Vaşinqton görüşündə əldə olunan razılaşmalar və 907-ci düzəlişin dayandırılması ABŞ-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə, qarşılıqlı etimadın güclənməsinə və strateji tərəfdaşlığın inkişafına töhfə verir. Ümid edilir ki, yaxın gələcəkdə bu düzəliş tamamilə ləğv olunacaq və iki ölkə arasında münasibətlər daha da dərinləşəcək. Azərbaycanın müvafiq qurumları ABŞ Konqresi ilə bu istiqamətdə aktiv iş aparır. Proses mərhələlərlə həyata keçirilir və baş verən təmaslar 907-ci düzəlişin gələcəkdə tamamilə aradan qaldırılmasını optimallaşdırmağa xidmət edir".
Zeynəb Mustafazadə