Qəzza sülh planı və Azərbaycan faktoru: Ekspert ŞƏRHİ – ÖZƏL

BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planına dair qətnamə layihəsini qəbul edib. Tramp qərarı "həqiqətən tarixi əhəmiyyətə malik bir an" adlandırıb və yaxın həftələrdə Sülh Şurasının formalaşdırılacağını bildirib.
Bu qətnamə Azərbaycan üçün də əhəmiyyətlidir, çünki ABŞ Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinə Azərbaycan sülhməramlılarının daxil olmasını arzulayır.
Mümkün tərkibdə Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi türk və müsəlman ölkələrinin iştirakı da gündəmdədir. Əvvəlki məlumatlarda Azərbaycanla yanaşı, İndoneziya və Pakistanın da əsas namizədlər olduğu qeyd edilmişdi.

Maraqlıdır, Azərbaycan Qəzzada sülhməramlı kimi iştirak edə bilərmi?

"Təbii ki, Azərbaycan artıq qlobal proseslərin avangard iştirakçıları sırasında yer alır. Beynəlxalq səviyyədə müzakirə olunan və qlobal problem xarakteri daşıyan bir çox məsələlərin həllində Azərbaycan əsas siyasi iradə göstərən ölkələrdən biridir və bu proseslərdə birbaşa iştirak etməyə başlayıb. Bu isə Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun yüksəldiyini göstərən mühüm faktorlardan biridir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Qəzza Sülh Forumuna dəvət olunması və orada iştirakı da ölkəmizin regional sülh proseslərində rolunun artdığını sübut edir. Bu, həmçinin göstərir ki, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ, Azərbaycanın Qəzza bölgəsində sülhün və sabitliyin yaradılmasında xüsusi rol oynaya biləcəyini yaxşı dərk edir və bu səbəbdən Azərbaycanın prosesə qatılmasını istəyirlər. Burada bir çox vacib amillər var. O cümlədən Azərbaycanın müsəlman dövləti olaraq fələstinlilərlə daha rahat dialoq qurmaq potensialı, onlarla daha sağlam münasibətlər formalaşdırmaq imkanı və sülhməramlı missiyanı yüksək səviyyədə icra edə biləcək gücə malik olması xüsusi olaraq nəzərə alınır.

"Azərbaycanın İsraillə də münasibətləri kifayət qədər stabil və normaldır. Bu baxımdan Azərbaycan həm İsrail, həm də Fələstin tərəfi ilə işləyə bilən nadir ölkələrdəndir və bu, sülhməramlı missiyanın ən yüksək səviyyədə həyata keçirilməsi üçün ciddi üstünlük yaradır. ABŞ-nin Azərbaycanı Qəzzada formalaşdırılacaq sülhməramlı qüvvələrin tərkibində görmək istəməsinin əsas səbəblərindən biri də məhz Azərbaycanın qlobal proseslərdə öncül rol oynaması və eyni zamanda Yaxın Şərqdə gedən proseslərə təsir imkanlarının mövcudluğudur. Bu amillər Azərbaycanın həmin prosesdə iştirakını mümkün və məqsədəuyğun edir," - deyə ekspert əlavə edib. 

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan üçün də bu cür beynəlxalq problemlərin həllində iştirak etmək mühüm əhəmiyyət daşıyır. Bu, ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirir və nüfuzunu artırır.

"Hazırda Azərbaycanın Suriya ilə də münasibətləri də kifayət qədər yaxşı səviyyədədir. Suriya Yaxın Şərqin önəmli dövlətlərindən biri olmaqla yanaşı, ABŞ də son dövrlərdə Suriyada gedən proseslərə xüsusi diqqət yetirməyə başlayıb. Azərbaycan isə Suriyanın normallaşdırılması və yenidən bərpa olunması prosesində Türkiyə ilə birlikdə birbaşa iştirak edən vacib regional oyunçulardan biridir. Azərbaycanın həm İsraillə normal münasibətlərə malik olması, həm Türkiyə ilə strateji müttəfiqliyi, həm Suriyanın bərpa prosesində iştirakı, həm də fələstinlilərlə eyni dini kökə malik olması ölkəmizin Yaxın Şərqdə gedən proseslərdə, o cümlədən Qəzza-Türkiyə xəttindəki təşəbbüslərdə ön plana çıxmasını təmin edən əsas amillərdəndir," - deyə ekspert qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31