Dağıdılmış Ağdam erməni vandalizminin şahididir- ÖZƏL

"İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib:  "Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. "Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik..." - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri son beş ildə Ağdamın bərpa-quruculuq  dövrünün əsas xəttinə çevrilib.

Ağdam uzun illər boyu işğalın ən böyük ağrılarını yaşamış bölgə olaraq "Qafqazın Xirosiması" adlandırılırdı. Lakin 44 günlük Zəfərdən sonra bu torpaq xarabalıqdan dövlətimizin siyasi iradəsi, iqtisadi gücü və strateji baxışları hesabına yeni həyat qazanır. Bu gün Ağdam Azərbaycanın postmünaqişə dövrü inkişaf modelinin, "Böyük Qayıdış" konsepsiyasının nümunəvi vitrini kimi qiymətləndirilir.

20 Noyabr - Ağdam şəhəri günü təkcə tarixi xatırlatma deyil. Bu gün işğaldan azad edilən torpaqlarımızın yenidən dirçəlişinin, xalqın qələbə ruhunun və dövlətin iradəsinin ən parlaq rəmzidir. Bu gün Ağdamda inşa edilən hər yol, tikilən hər bina, bərpa edilən hər məscid və muzey yalnız infrastruktur deyil, milli ədalətin bərpasıdır, Azərbaycanın regionda yaratdığı yeni reallığın təntənəsidir. Tarixboyu strateji, mədəni, iqtisadi əhəmiyyətə malik olan Ağdam bu gün modern şəhərsalmanın ən müasir standartları ilə yenidən layihələndirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı  ilə "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. "Böyük Qayıdış" proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31