Ağdamın qayıdışı: tarixi irs və müasir inkişaf- ÖZƏL

Noyabrın 20-si Azərbaycanda Ağdam Şəhəri Günü kimi qeyd olunur. İşğaldan azad edildikdən sonra şəhərdə aparılan sürətli bərpa işləri, mədəni irsin dirçəldilməsi və həyatın yenidən canlanması artıq real nəticələrini göstərir. 
Ağdamın bərpasının hazırkı mərhələsi necə qiymətləndirilir və aparılan işlər bölgənin ümumi inkişaf dinamikasına hansı təsirləri göstərir?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
"  Qarabağda aparılan bərpa və yenidənqurma işləri təkcə bölgənin müharibə nəticəsində dağıdılmış infrastrukturunun, sənaye və kənd təsərrüfatı obyektlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin yenidən qurulmasına yönəlməyib, eyni zamanda Qarabağla bağlı ruhumuzun dirçəldilməsinə, tarixi və mədəni irsimizin hifz edilib saxlanılmasına, gələcək nəsillərin öhdəsinə buraxılmasına xidmət edir. Azərbaycan prezidenti işğaldan azad olunmuş Ağdamın xarabalıqlarına baxdıqdan sonra kədərlə bu şəhəri Cənubi Qafqazın "Xirosiması" adlandırmış, eyni zamanda bu ruhlar şəhərində aparılan bərpa və yenidənqurma işlərindən sonra hər bir Azərbaycan vətəndaşının bu şəhərlə fəxr edəcəyini bildirmişdir.
Bu sözlərdə böyük həqiqət və məna var. Belə ki, 1-ci Qarabağ müharibəsində Ağdam 43 gün müqavimət göstərmiş, 6 mindən yuxarı şəhid vermiş, şəhərdə 38 kolxoz, 12 sənaye müəssisəsi, 31 sənaye obyekti, təhsil və mədəniyyət müəssisələri dağıdılmışdı.
Ağdamın qısa zamanda bərpası, məscid, mədrəsə və təhsil müəssisələrinin yenidən qurulması Ağdamın əvvəlki nüfuzunu və reytinqini geri qaytarıb, bölgənin dinamik inkişafına, ölkəmizə turizmlə bağlı gəlirlərin davamlı daxil olmasına və xarici kapitalın sabitliyin təmin olunduğu bu məmləkətə investisiya qoyuluşunu artırmağa stimul yaradacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31