Azərbaycan və Mərkəzi Asiya ölkələri ortaq etnik irsin daşıyıcılarıdır- ÖZƏL

"Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişaf dinamikası həm siyasi münasibətlər kontekstində, həm də geosiyasi, iqtisadi və mədəni müstəvilərdə yeni inteqrasiya modelinin formalaşdığını göstərir. Dövlətimizin başçısının Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə bu əməkdaşlığın strateji çərçivəsini aydın şəkildə nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Müsahibədə vurğulanan əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən bağlı olan ortaq mədəni, mənəvi və etnik irsin daşıyıcılarıdır. Bu birliyi ilk baxışda coğrafi sərhədlər ayırır kimi görünsə də, Xəzər dənizi gerçək mənada birləşdirici funksiyanı yerinə yetirir. Xəzər bu gün sadəcə su hövzəsi deyil, region xalqlarının strateji yaxınlığını, iqtisadi imkanlarını və tarixi əməkdaşlıq ənənəsini bir araya gətirən məkandır. Prezident İlham Əliyev qeyd edib: "Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir".

Dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə üçüncü dəfə iştirak etməsi əməkdaşlıq xəttinin ardıcıl xarakterini təsdiqləyir. 2023-cü ildə Düşənbə, 2024-cü ildə Astana və növbəti dəfə Daşkənddə keçirilən toplantılar regionun geosiyasi koordinasiyasını gücləndirən başlıca platformaya çevrilib. 7-ci Məşvərət görüşü isə siyasi dialoqdan tutmuş nəqliyyat şəbəkələrinə, rəqəmsal transformasiya və humanitar sahələrədək çoxşaxəli tərəfdaşlığın yeni mərhələsinə təkan verəcək. Özbəkistan müsahibədə qardaş ölkə və etibarlı tərəfdaş kimi xarakterizə olunur. İki xalqın əlaqələrinin təməlində dil, mədəni köklər, etnik yaxınlıq və ortaq tarix dayanır. Bu möhkəm baza dövlətlərarası münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31