Azərbaycanın bu formata daxil olması təkcə coğrafi faktor deyil- ÖZƏL

"Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün Daşkənddə keçirilməsi region üçün yeni siyasi mərhələ açdı. Bu dəfə diqqət təkcə regional əməkdaşlığın növbəti raunduna deyil, həm də geosiyasi reallığın dəyişməsinə yönəldi. Azərbaycan rəsmi şəkildə formatın tamhüquqlu iştirakçısına çevrilməklə regionun strateji xəritəsini genişləndirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Daşkənd görüşü göstərdi ki, siyasi əməkdaşlıq da yeni məzmuna malikdir. Qlobal qeyri-sabitlik şəraitində regionun birgə addımlaması onun beynəlxalq subyektliyini artırır. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın ortaq mövqedən çıxış etməsi həm təhlükəsizlik, həm də diplomatik çəkini artıran amildir. Regionun sərhədlərindən kənarda formalaşan risklər, Əfqanıstandakı vəziyyətdən tutmuş böyük güclər arasında rəqabətə qədər bütün iştirakçılar üçün ortaq xarakter daşıyır. Bu baxımdan, koordinasiyalı fəaliyyət ehtiyacı əvvəlkindən daha aktualdır.
Azərbaycanın formata daxil olması təkcə coğrafi faktor deyil. Ölkənin iqtisadi potensialı, siyasi sabitliyi, balanslaşdırılmış xarici siyasəti və illər ərzində formalaşdırdığı diplomatik platforma onu regionlararası proseslərin təbii aparıcılarından birinə çevirir. Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən körpü funksiyası Azərbaycanı yeni regional arxitekturanın mərkəzinə çəkir. Bu arxitektura artıq təsadüfi əlaqələrin deyil, strateji vizyonun məhsuludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31