Ağdam Zəfərin, Yenidənqurmanın və Böyük Qayıdışın rəmzidir

20 noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix həm Ağdamın işğaldan azad edilməsinin, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda qazanılan möhtəşəm qələbənin rəmzi kimi milli yaddaşımıza həkk olunub. Ağdam Şəhər Günü ölkəmizin siyasi, mənəvi və tarixi həyatında mühüm məna kəsb edir, xalqımızın mübarizliyini, birliyini və yenidənqurma əzmini əks etdirir.

Ağdam Azərbaycan tarixində həm mədəniyyət mərkəzi, həm də iqtisadi potensialı ilə seçilən ərazilərdən biri kimi tanınıb. Qarabağın qapısı adlandırılan bu şəhər ölkənin şərq-qərb istiqamətində yerləşməsi, zəngin torpaqları, sənaye və kənd təsərrüfatı infrastrukturu ilə daim önəmli rol oynayıb. XVIII-XIX əsrlərdən başlayaraq Ağdam Qarabağ xanlığının mühüm yaşayış məntəqələrindən biri olmuş, XX əsrdə isə iri sənaye, mədəniyyət və sosial mərkəzə çevrilmişdi.

1993-cü ildə Ermənistan tərəfindən işğal edilən Ağdam şəhəri və rayonunun böyük hissəsi tamamilə dağıdılmış, yaşayış məntəqələri, tarixi abidələr, sosial və mədəni infrastruktur yerlə-yeksan edilmişdi. Ağdam dünyanın "ruhlar şəhəri" kimi təsvir edilirdi. Azərbaycan xalqı 30 ilə yaxın müddətdə bu ədalətsizliyin sonlanacağı günü səbirsizliklə gözlədi.

2020-ci ildə 44 günlük Vətən müharibəsi bu gözləntini reallığa çevirdi. Azərbaycan Ordusunun şanlı qələbəsi, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və 20 noyabr 2020-ci ildə Ağdam rayonu bir güllə atmadan Azərbaycana qaytarıldı. Bu, həm hərbi-siyasi diplomatiyamızın uğuru, həm də Azərbaycan xalqının tarixi qələbəsi idi.

Ağdamın azad edilməsindən dərhal sonra böyükmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Prezident İlham Əliyevin müəyyən etdiyi "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları çərçivəsində Ağdam sürətlə müasir şəhər modelinə uyğun yenidən inşa olunur.

20 noyabr yalnız bir tarix deyil - o, xalqımızın azadlıq iradəsinin, qələbə əzminin və yenidən qurma gücünün təcəssümüdür. Bu günün qeyd olunması işğal dövründə dağıdılan yurd yerlərinin dirçəldiyini, Azərbaycan dövlətinin öz vətəndaşına sahib çıxdığını, Qarabağın bərpasının dövlət siyasətinin prioritet xəttini təşkil etdiyini, xalqımızın milli birliyinin gündən-günə daha da möhkəmləndiyini göstərir.

Bu tarix həmçinin Azərbaycanın regionda sülh, əməkdaşlıq və inkişaf siyasətinin də təzahürüdür. Ağdam bu gün artıq təkcə qayıdışın deyil, gələcəyin şəhərinə çevrilməkdədir.

20 noyabr - Ağdam Şəhər Günü Azərbaycanın zəfər salnaməsində mühüm səhifədir. Bu gün Ağdamın yenidən doğuluşunun, qarşıda duran böyük inkişaf hədəflərinin və tarixi ədalətin bərpasının rəmzi kimi qeyd olunur. Şanlı Zəfərin açdığı yol Ağdamı yaxın illərdə tamamilə yeni bir simada - müasir, təhlükəsiz, yaşıl və dinamik şəhər kimi görməyə imkan verəcək.

Ağdam artıq keçmişin ağrı-acıları ilə deyil, gələcəyin ümidləri və böyük qayıdışın sevinci ilə anılır.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31