"Freedom House"un Azərbaycana qarşı qərəzi: İşğaldan azad edilən ərazilər "erməni anklavı" adlandırıldı – ÖZƏL

Hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən "Freedom House" təşkilatı yeni hesabatında internet məhdudiyyətləri, veb saytların bloklanması və xaricdəki dövlət əleyhinə çağırışlar edən şəxslərin (söyüş müxalifəti) Baş Prokurorluğa çağırılmasını tənqid edib. Hətta Azərbaycana qarşı fəaliyyət göstərən bəzi Rusiya saytlarının bloklanması da mənfi qiymətləndirilib.
Ən ciddi qərəzlilik isə işğal altında olmuş ərazilərin "1994-cü ildən de-fakto müstəqil erməni anklavı" adlandırılması və erməni əhalinin köçündə Bakının günahlandırılmasıdır.
Hesabatda Türkiyə də hədəf alınıb, Ermənistanla bağlı bölümdə isə Azərbaycanın "hərbi təzyiqi" qeyd edilib.

"SSRİ dağıldıqdan sonra müstəqilliyin ilk dövründə Azərbaycanda belə bir təsəvvür yaranmışdı ki, dünyada demokratiyanı dəstəkləyən çoxsaylı müstəqil fondlar və qeyri-hökumət təşkilatları mövcuddur. Lakin müasir reallıqlar göstərir ki, bu təşkilatlar tam qərəzsiz və obyektiv olmaq əvəzinə, əslində maliyyələşdiyi və təmsil etdiyi ölkələrin "yumşaq güc" vasitələrinə çevriliblər. Başqa ölkələrin daxili işlərinə demokratiya, insan haqları, azad seçkilər kimi fundamental dəyərləri bəhanə edərək təzyiq göstərməkdən başqa əsas missiyaları görünmür".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bunun motivini biz Freedom House-un Azərbaycana münasibətində, xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərinə dair mövqeyində açıq şəkildə görürük. Təəssüf ki, Azərbaycan-Amerika münasibətləri rəsmi səviyyədə yüksək işgüzarlıq ruhunda olsa da, ABŞ-də anti-Azərbaycan dairələri ilə yaxınlığı bilinən Freedom House təşkilatı ölkəmizə münasibətdə qərəzini gizlətmir. Təbii ki, təşkilatın toxunduğu bəzi haqlı məsələlər də var. Lakin məhz bu haqlı məqamları qabardaraq manipulyasiya aparması da diqqətdən qaçmır.

Ekspert qeyd edib ki, daxili siyasətlə bağlı göstərdiyi bəzi haqlı fikirlərin yanında, Ermənistan-Azərbaycan münasibətləri kontekstində Azərbaycanın milli maraqlarına ciddi zərbə vuran yanaşmalar da mövcuddur. Bu isə o deməkdir ki, daxili məsələlərdə Freedom House-a istinad edən şəxslər həm də onun Ermənistanla bağlı təqdim etdiyi qərəzli variantı ya görməməzliyə vurmalı, ya da susmağa məcbur qalırlar.

"Mən hesab edirəm ki, bu kimi mövqelərin açıqlanması Azərbaycanla bağlı münasibətlərə heç bir fayda gətirmir. Əksinə, ölkəmizin milli maraqlarına zidd olan belə yanaşmalar başqa güclərin maraqlarına xidmət edir və Azərbaycanla bağlı proseslərin gedişinə mənfi təsir göstərir. Freedom House-un Azərbaycana dair qərəzli açıqlamaları, mənim fikrimcə, Azərbaycan-Amerika münasibətlərinə zərər vurur və münasibətlərin normallaşmasını istəməyən üçüncü tərəflərin maraqlarına xidmət edir," - deyə E. Xalidbəyli əlavə edib.

Ekspertin sözlərinə görə, xüsusilə ABŞ-nin son dövrlər Azərbaycanla birlikdə həyata keçirməyə başladığı C5+1 formatında Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Orta Dəhlizin daha aktiv fəaliyyətə başlaması kimi layihələr fonunda bu kimi qərəzli açıqlamalar prosesləri kölgə altına salan qüvvələrə əl verir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31