“Türkiyə-İsrail gərginliyini yumşaltmağın açarı Bakının əlindədir” – Şakir Ağayev – ÖZƏL

"Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra bir neçə dəfə bildirib ki, İbrahim Sazişi genişlənməlidir. O hətta Azərbaycanın, Mərkəzi Asiya dövlətlərinin və digər ərəb ölkələrinin adını da çəkmişdi ki, bu sazişə qoşulmalıdırlar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, İbrahim Sazişinin əsas mahiyyəti ondan ibarətdir ki, İsraillə diplomatik münasibətləri olmayan və ya çox zəif olan müsəlman dövlətləri bu sazişə qoşulmaqla münasibətləri normallaşdırsın və daha da yaxınlaşdırsınlar. Qazaxıstan da bu istiqamətdə addım atan ölkələrdən biri oldu. ABŞ-də keçirilən tədbirdə prezident Tokayev Qazaxıstanın İbrahim Sazişinə qoşulduğunu elan etdi.

"Azərbaycanın bu sazişə qoşulması məsələsinə gəldikdə isə, məlumdur ki, Azərbaycan və İsrail arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə çox yüksək səviyyəli münasibətlər mövcuddur. Bu münasibətlər strateji əməkdaşlıq çərçivəsindədir. Hesab edirəm ki, Azərbaycanın İbrahim Sazişinə qoşulması o qədər də vacib deyil. Çünki bu sazişə əsasən İsraillə ya münasibətləri olmayan, ya da çox zəif olan dövlətlər qoşulur. Azərbaycan isə İsraillə kifayət qədər geniş əlaqələrə malikdir və mövcud səviyyə artıq çox yüksəkdir. Buna görə də Azərbaycanın bu sazişə qoşulması münasibətlərin mahiyyətini dəyişmir. Təbii ki, Tramp sazişi genişləndirmək məqsədilə Azərbaycana da müraciət edə bilər, amma qoşulmaq- qoşulmamaq əlaqələrin ümumi səviyyəsinə ciddi təsir göstərməz," - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə-İsrail-Azərbaycan məsələsinə gəlincə isə, məlumdur ki, hazırda Türkiyə ilə İsrail, daha dəqiqi desək, Türkiyə ilə İsrailin indiki baş naziri Netanyahunun münasibətləri çox gərgindir. Netanyahunun Fələstində apardığı hərbi əməliyyatlara və onun Türkiyəyə qarşı sərt ritorikasına görə münasibətlər daha da kəskinləşib. Azərbaycan isə həmişə çalışıb ki, bu münasibətlərin yaxşılaşmasında vasitəçi rolunu oynasın.
Azərbaycan və Türkiyə qardaş və strateji müttəfiq dövlətlərdir. Hər iki ölkə İsraillə də yaxşı əlaqələrə malikdir. Bu səbəbdən məhz Azərbaycan ən real vasitəçi dövlət kimi çıxış edə bilər və bunun üçün müəyyən cəhdlər də olub. Bir neçə dəfə Türkiyə və İsrail rəsmilərinin görüşləri Azərbaycanda keçirilib.

Ekspertin sözlərinə görə, əgər münasibətlər yaxşılığa doğru dəyişsə və Azərbaycanın vasitəçilik rolunun təsiri nəticə versə, bu, həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə geosiyasi balansı ciddi şəkildə dəyişə bilər. "Geosiyasi balans" dedikdə məhz Yaxın Şərqdəki münasibətlərin tənzimlənməsi nəzərdə tutulur. Hazırda bu tənzimlənməyə mane olan əsas amillərdən biri Türkiyə-İsrail münasibətlərinin son dərəcə gərgin olmasıdır. Bunun da başlıca səbəbkarı Netanyahunun siyasəti və onun rəhbərlik etdiyi hökumətdir.
Əgər bu münasibətlər düzələrsə, Yaxın Şərq regionunda həqiqətən də daha müsbət yeni bir geosiyasi tarazlıq yarana bilər.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31