Göyçə gölü mübahisəsi: Dezinformasiya Cənubi Qafqazda sabitliyə təhdiddir- ÖZƏL
18 Noyabr 2025 16:53 SiyasətErmənistan mediası Sevan (Göyçə) gölü mövzusunu siyasi manipulyasiyaya çevirərək Azərbaycanı əsassız ittiham edir. SputnikARM yazarı Arman Abovyanın "Böyük Turan" iddiaları və İlham Əliyevin Göyçə adını çəkməsini "siqnal" kimi təqdim etməsi də bundan irəli gəlir. Halbuki Göyçə Cənubi Qafqazın ən böyük gölüdür və Azərbaycanın mövqeyi yalnız tarixi faktları və ekoloji riskləri xatırlatmaqdan ibarətdir.
Bu cür informasiya manipulyasiyaları Azərbaycan-Ermənistan münasibətlərinə və regiondakı ekoloji təhlükəsizliyə hansı risklər yaradır? Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Ermənistan mediasının Göyçə gölü ətrafında yaratdığı bu fikir tamamilə daxili auditoriyaya hesablanmış addımdır. Çünki Ermənistan tərəfi, həm mediası, həm də dövləti yaxşı başa düşür ki, bir tarixi reallıq var və bu tarixi reallığı sənədlər üzərində nə isə saxtalaşdırmaqla dəyişmək mümkün deyil. İstər bölgədəki çayların, göllərin adları olsun, istər toponimlərin adları olsun, bunlar tarix boyunca necə olubsa, elə də qalıb.
Bu gün Ermənistan dövləti həmin sənədləri və arxivləri saxtalaşdıra bilər. Amma Rusiya, Osmanlı, Avropa arxivlərində bu bölgələrin - çayların, göllərin, yaşayış yerlərinin adları tarixi boyunca necə qeyd edilibsə, elə də qalır. Dövlətlərarası araşdırmalar və əməkdaşlıq yolu ilə bu həqiqətləri üzə çıxarmaq o qədər də çətin məsələ deyil. Burada məsələ nədən ibarətdir? Ermənistan tərəfi daxildə yaranmış mümkün panikanın, narazılıqların, etirazların qarşısını almağa və sülhə doğru gedilən yolda ortaya çıxa biləcək maneələri önləməyə çalışır. Bu, birinci versiyadır.
İkinci versiya isə ondan ibarətdir ki, biz reallığı nəzərə almalıyıq, Ermənistan cəmiyyəti artıq iki-üç əsrdir Rusiya, Fransa, İngiltərədən gələn zərərli bilgilərin, ideoloji axınların təsiri altında formalaşmış şovinist bir cəmiyyətə çevrilib. Onlar hara gedirlərsə, "bura bizimdir" iddiası ilə çıxış edirlər. Azərbaycanın etnik və tarixi mirasının mənimsənilməsi də bunun bir nümunəsidir. Azərbaycanın toponimlərinin dəyişdirilməsi, tarixi ərazilərimizdəki yerləri özününküləşdirməyə çalışmaları da eyni yanaşmanın davamıdır. Ermənistan mediası - oradakı jurnalistlər də həmin şovinist ideologiyanın daşıyıcıları olduqları üçün məsələyə milli, irqçi mövqedən yanaşırlar. Onlar istəmirlər ki, tarixdəki həqiqətlər ortaya çıxsın, faktlara olduğu kimi qiymət verilsin və Azərbaycan dövlətinin tarixi haqları bölgə üzrə yenidən tanınsın. Buna qarşı bir informasiya cəbhəsi açmağa çalışırlar.
Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək.
Bu cür informasiyaların Azərbaycan-Ermənistan münasibətlərinə və regiondakı ekoloji təhlükəsizliyə yaratdığı risklərə gəlincə, əgər ekoloji problemdən danışırıqsa, bu, təkcə bir dövlətin işi və məsuliyyəti deyil. Bu, bütün dövlətləri maraqlandıran ümumbəşəri problemdir və onu birlikdə həll etmək lazımdır. Görünən odur ki, Ermənistan tərəfi bu düşüncədən uzaqdır və hər məsələyə ikili yanaşma göstərərək ekoloji problemlərin daha da dərinləşməsinə səbəb ola bilər. Azərbaycan-Ermənistan münasibətlərinə təsirinə gəldikdə isə, hazırda sülhə doğru addımların atıldığı, etimad mühitinin formalaşdırılmağa çalışıldığı bir şəraitdə ən kiçik məsələ belə ciddi fəsadlara səbəb ola bilər. Ermənistan hakimiyyəti də bunu nəzərə almalıdır. Ermənistan mediası da öz fəaliyyətində bu həqiqətləri dəyərləndirməlidir ki, Cənubi Qafqazda etnik, milli, dini münaqişələrə son qoyub sabitlik dövrünə keçmək mümkün olsun".
Zeynəb Mustafazadə