Popülist ritorika və tarixi faktlar: Göyçə gölü ətrafında Ermənistanın manipulyasiyası – ÖZƏL
14:13 SiyasətErmənistan mediası Sevan (Göyçə) gölü məsələsini siyasi manipulyasiyaya çevirərək Azərbaycanı əsassız ittiham edir. SputnikARM kolumnisti Arman Abovyan iddia edir ki, Azərbaycan "böyük Turan" konsepsiyasına uyğun olaraq Ermənistan ərazilərinə iddia edir və Prezident İlham Əliyevin çıxışında gölün tarixi adının - Göyçənin - çəkilməsini "narahatlıq doğuran siqnal" kimi təqdim edir. Halbuki, reallıq fərqlidir: Göyçə gölü Cənubi Qafqazın ən böyük təbii su hövzəsidir və Azərbaycanın mövqeyi yalnız tarixi-coğrafi faktları xatırlatmaq və ekoloji risklərə diqqət çəkməkdir.
"Ermənistan hazırda davam edən sülh danışıqlarını müxtəlif istiqamətlərə yönəltməyə çalışır. Yəni bu prosesə mane olmaq istəyən müəyyən qruplar var və onların məqsədi sülh danışıqlarının başa çatmasına, sülh müqaviləsinin imzalanmasına imkan verməməkdir".
_(1).jpg)
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, görünür, Vaşinqtonda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaq meyilləri ortaya çıxıb. Məhz buna görə də müxtəlif manipulyativ addımlar atılır. Sevan gölü (Göyçə gölü) məsələsinin qabardılması da bunun bir nümunəsidir, bunu elə təqdim etməyə çalışırlar ki, guya Azərbaycan Ermənistan ərazilərinə iddia edir.
"Bu iddialar tamamilə əsassızdır. Azərbaycanın heç bir ölkənin, o cümlədən Ermənistanın torpaqlarında gözü yoxdur. Baxmayaraq ki, Ermənistanın indiki əraziləri tarixi olaraq Azərbaycan torpaqlarıdır. Elə onların Sevan adlandırdığı Göyçə gölü də faktiki olaraq Azərbaycan ərazisi olub. Bu ərazilərdə Azərbaycan türkləri müxtəlif dövrlərdə dövlətlər yaradıblar, sadəcə tarixi səhvlər nəticəsində həmin torpaqlar Ermənistanın nəzarətinə keçib. Lakin Azərbaycan dövləti beynəlxalq hüquqa hörmət edərək heç bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmir. Bu, Ermənistan tərəfinin uydurmasından başqa bir şey deyil. Görünür ki, Ermənistanda seçkilər ərəfəsində həm iqtidar, həm də müxalifət daxilində müəyyən qüvvələr bu mövzudan istifadə etməyə çalışır. Millətçi ritorikanı qızışdırmaq, gündəmi dəyişdirmək və öz auditoriyasında daha çox xal toplamaq məqsədilə bu cür fikirlər səsləndirilir," - deyə ekspert əlavə edib.
Z. Əmrəliyev bildirib ki, erməni xalqı artıq belə manipulyativ oyunlara getməməlidir. Çünki məhz bu tip popülist çıxışların və yanlış siyasi addımların nəticəsində Ermənistan son illər regiondakı bütün layihələrdən kənarda qalıb və ən əsası, təxribatçı siyasət yüzlərlə insanın həyatına son qoyan və ölkəni biabırçı şəkildə məğlubiyyətə aparan müharibə ilə nəticələnib. Bu müharibə onlara yalnız itkilər, iqtisadi çöküş və nüfuz itkisi gətirdi.
Ermənistan həm regional, həm də beynəlxalq miqyasda məğlub ölkə vəziyyətinə düşdü, resurs itkisinə məruz qaldı. Buna görə də erməni xalqı popülizmə aldanmamalı, manipulyativ ritorikanın ardınca getməməlidir.
Sevda Dəniz