Mərkəzi Asiya ölkələri ilə çoxqütblü əməkdaşlıq strateji əhəmiyyət daşıyır- ÖZƏL
12:26 Siyasət"Daşkənddə keçirilən 7-ci Məşvərət görüşü Mərkəzi Asiya ölkələri ilə yeni çoxqütblü əməkdaşlıq sisteminin tənzimlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Görüş çərçivəsində nəzərdə tutulan müzakirələr regionun nəqliyyat, enerji və təhlükəsizlik sahələrində bir-birinə daha sıx bağlanmasına yönəlib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Nəqliyyat-tranzit məsələləri Orta Dəhlizin dayanıqlığını artırmaqla Avrasiya məkanında qlobal ticarət axınlarına təsir edir. Yaşıl enerji və innovasiya sahəsində əməkdaşlıq Mərkəzi Asiya ölkələrinin iqtisadi diversifikasiya strategiyaları ilə üst-üstə düşür. Humanitar əməkdaşlıq isə siyasi inteqrasiyanın ictimai baza yaratması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu görüşlərin davamlılığı türk dünyası çərçivəsində ortaq regional əməkdaşlıq modelinin formalaşdığını göstərir.
Müsahibənin əsas məqamlarından biri iki lider arasındakı şəxsi dostluğun dövlətlərarası münasibətlərin institusional dayanıqlığını artırmasıdır. Azərbaycan-Özbəkistan münasibətləri sadəcə strateji tərəfdaşlıq deyil, müttəfiqlik xarakteri daşıyan unikal əməkdaşlıq modelidir. Bu münasibət dövlətlərarası etimadın yüksək səviyyədə qurulduğunu göstərir və regionda sabitlik yaradan mühüm amillərdən biri kimi çıxış edir.
Son illər ərzində çoxsaylı reallaşması siyasi dialoqun intensivliyini göstərməklə yanaşı, qərarların operativ qəbul edilməsi, layihələrin sürətli icrası və strateji qarşılıqlı fəaliyyətdə sinxronluq yaradır. İmzalanan sənədlər isə bu dinamikanın hüquqi bazasını möhkəmləndirir və əməkdaşlığın uzunmüddətli olduğunu təsdiq edir. Ali Dövlətlərarası Şuranın təsis edilməsi münasibətlərin idarəetmə strukturuna institusional çərçivə gətirib. Bu Şura vasitəsilə iki ölkə arasında bütün sahələr üzrə koordinasiyalı siyasət yürüdülür, həm siyasi qərarlar, həm iqtisadi layihələr, həm də regional təşəbbüslər vahid strategiya üzrə planlaşdırılır. Daşkənd və Bakı iclasları göstərir ki, bu mexanizm sadəcə siyasi platforma deyil, real icra mexanizmi olan strateji şura modelidir. İki ölkə arasında münasibətlər məhz bu mexanizm sayəsində uzunmüddətli planlaşdırma və qarşılıqlı investisiya siyasəti üzərində qurulur".