Balasanyanın qayıdış iddiası nəyə xidmət edir? – "Özünü qaçqın qəhrəman kimi təqdim etmək cəhdi" – ÖZƏL
11:40 SiyasətXocalı qətliamının törədilməsində iştirak edən, Qarabağdakı qovulmuş separatçıların keçmiş rəhbərlərindən Vitali Balasanyan, ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəyinə ümid etdiyini bildirib.
O, 10 noyabr sənədinin ləğv edilmədiyini və tətbiq olunacağına ümid etdiyini qeyd edib.
Balasanyan təhlükəsizlik zəmanəti verilərsə, geri qayıtmağa hazır olduğunu deyib.
"Xocalı qətliamında və Qarabağdakı işğal dövrünün ağır cinayətlərində adı keçən Vitali Balasanyanın son açıqlamaları, xüsusilə də 10 noyabr 2020-ci il bəyanatına istinad etməsi, Ermənistan daxilində revanşist dairələrin yenidən fəallaşdırılması cəhdinin göstəricisidir. Bu iddialar həm Ermənistan cəmiyyətində "yenidən Qarabağa dönüş" illüziyası yaratmağa, həm də Balasanyanın özünü siyasi səhnəyə qaytarmaq istəyinə xidmət edir."
Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi ekspert qeyd edib ki, 10 noyabr bəyanatının hazırkı reallıqla heç bir əlaqəsi yoxdur. Azərbaycanın 2023-cü ilin sentyabr ayında keçirdiyi antiterror tədbirləri separatçı qurumun tam ləğvini təmin edib və bu proses bölgədə hüquqi-siyasi vəziyyəti köklü şəkildə dəyişdirib. Artıq Qarabağda yalnız Azərbaycan Respublikasının suverenliyi və Konstitusiyası işləyir. Bu şəraitdə Balasanyanın sənəddən yapışaraq "geri dönüş mexanizmi" axtarması siyasi manipulyasiyadan başqa bir şey deyil.
"Ermənilərin Qarabağa qayıdışı məsələsinə gəldikdə isə Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, bu ərazi ölkənin ayrılmaz hissəsidir və burada yaşamaq istəyən Qarabağ erməniləri yalnız Azərbaycan qanunlarını qəbul etdikləri təqdirdə geri dönə bilərlər. Lakin separatizmdə, terror fəaliyyətində və müharibə cinayətlərində adları keçən şəxslərin qayıdışı qeyri-mümkündür. Balasanyanın "təhlükəsizlik qarantiyası ilə Xankəndinə qayıda bilərəm" deməsi isə həm siyasi baxımdan, həm də hüquqi müstəvidə tamamilə real olmayan iddiadır. Çünki belə şəxslər barədə hüquqi prosedurlar yalnız qanun çərçivəsində müəyyən olunur və bu cinayətlər heç bir "qarantiya" ilə bağışlamır. Balasanyan yalnız Azərbaycana məhkəmə qarşısına çıxarmaq üçün gətirilə bilər," - deyə ekspert əlavə edib.
Siyasi şərhçi vurğulayıb ki, Balasanyanın bu tip çıxışlarının hədəfi Ermənistanda radikal qrupları toparlamaq, ictimai fikri manipulyasiya etmək və özünü "qaçqın qəhrəman" kimi təqdim etməkdir. Halbuki bölgədə artıq yeni mərhələ başlayıb, müharibənin deyil, sabitliyin və inkişafın mərhələsi. Bu reallığı dəyişdirmək cəhdləri isə yalnız Ermənistanın özünü yeni təzyiqlər və dalanlarla üz-üzə qoyacaq.
"Bu gün Qarabağ Azərbaycan dövlətinin tam suveren idarəçiliyindədir və heç bir separatçı şəxsin bu torpaqlara "təhlükəsizlik vədilə" qayıdışı mümkün deyil. Regionun gələcəyi revanşizm yox, sülh və əməkdaşlıq üzərində qurulur və Balasanyan kimi şəxslərin köhnə ritorikası bu prosesə heç bir təsir gücünə malik deyil," - deyə B.Quliyev əlavə edib.
Sevda Dəniz