Azərbaycan regionda mərkəzi oyunçu: Mərkəzi Asiya ilə siyasi və iqtisadi əməkdaşlıq güclənir- ÖZƏL
13:51 SiyasətAzərbaycan Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur. Tarixi, mədəni və mənəvi əlaqələrimizi əsas götürərək, ölkəmiz artıq Mərkəzi Asiyanın tamhüquqlu üzvü kimi dövlət, hökumət və ictimai təşkilatların formatında keçirilən görüşlərdə iştirak edəcək. Bu addım Azərbaycanın regional əməkdaşlıq imkanlarını genişləndirir.
Azərbaycan Mərkəzi Asiyanın tamhüquqlu üzvü olduqdan sonra bölgədə hansı siyasi və iqtisadi üstünlükləri əldə edə bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə tamhüquqlu üzvlüyü birinci növbədə regionda nüfuzumuzun rəsmən tanınmasıdır. Bu platforma bizi kənardan müşahidə edən yox, prosesləri yönləndirən dövlət səviyyəsinə qaldırır. Orta Dəhlizin genişləndirilməsi, yeni logistika və enerji xəttlərinin planlaşdırılması kimi məsələlərdə Bakının sözü artıq sadəcə "tərəf mövqeyi" yox, "qərar mövqeyi" sayılacaq. Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlıq daha çevik və daha sistemli formaya keçir, çünki qərarlar kollektiv şəkildə, Azərbaycanın iştirakı ilə formalaşacaq. Bu, həm ticarət əlaqələrimizi, həm də investisiya imkanlarımızı artıracaq. Regionla təhlükəsizlik koordinasiyasında iştirakımız sərhəd, informasiya və enerji təhlükəsizliyi baxımından daha güclü mexanizmlər yaradır. Azərbaycan burada həm də türkdilli dövlətlərin ümumi siyasi xəttinin sabitləşdirilməsinə töhfə verir. Məşvərət Görüşü Azərbaycan üçün Mərkəzi Asiya bazarlarına daha rahat çıxış, həmin ölkələr üçün isə Bakı vasitəsilə Qərbə inteqrasiyada yeni imkanlar açır. Bu üzvlük bizi həm iqtisadi, həm siyasi, həm də ideoloji məkanda mərkəzi oyunçu kimi möhkəmləndirir. Azərbaycanın artan regional çəkisi Mərkəzi Asiya üçün də ciddi üstünlükdür, çünki Bakı həm dayanıqlı tərəfdaşdır, həm də regionlararası bağlayıcı aktordur. Yeni mərhələ həm Azərbaycanın, həm də Mərkəzi Asiyanın qarşılıqlı güclənməsi üzərində qurulan praqmatik əməkdaşlıq modelinə çevrilir".
Zeynəb Mustafazadə