Yüksək vəzifə tutmuş şəxslərin akademik sığınacaq axtarışı- ÖZƏL
11:47 Siyasət"Son illərdə universitetlərdə müşahidə olunan bir tendensiya - yüksək vəzifələrdə uzun müddət çalışmış şəxslərin işdən kənarlaşdırıldıqdan sonra akademik sığınacaq axtarması məsələsi ciddi narahatlıq doğurur. Belə şəxslər heç bir laboratoriya təcrübəsi və pedaqoji fəaliyyət göstərmədən birbaşa professor titulunu əldə edir, nəticədə universitetlər elmin inkişafı və təhsilin keyfiyyəti üçün nəzərdə tutulmuş institutdan fərdi prestij və sosial status üçün istifadə edilən vasitəyə çevrilir". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib: "Belə şəxslər universitetin maddi və intellektual resurslarını şəxsi prestij və sosial status üçün istifadə edir. Bu, həm fakültə üzvlərinin motivasiyasını sarsıdır, həm də elmi fəaliyyətin nəticəyönümlü olmasına mane olur. Akademik titul yalnız nəticəyə, elmi fəaliyyətə və pedaqoji təcrübəyə əsaslanmalıdır, heç bir halda şəxsi prestij statusun qorunması üçün vasitə kimi istifadə olunmamalıdır".