Azərbaycan Özbəkistanla əlaqələrin genişlənməsində maraqlıdır- ÖZƏL
17 Noyabr 10:58 Siyasət"Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstəyi, xüsusilə Qarabağın bərpasına göstərdiyi qardaş yardımı, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Mclisin deputatı Fatma Yıldırım deyib: "İqtisadi-ticari əlaqələrin dinamik artımı, qarşılıqlı investisiyaların çoxalması, Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika infrastrukturunda əməkdaşlıq Azərbaycan-Özbəkistan tərəfdaşlığının strateji mahiyyətini daha da gücləndirir. Təkcə 2025-ci ilin 9 ayında ticarət dövriyyəsinin 87 faizdən çox artması bu əlaqələrin real nəticələrini göstərir. Azərbaycan ticarət, sənaye, kənd təsərrüfatı, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində qətiyyətlidir.
Mədəni-humanitar sahədə reallaşdırılan layihələr, qardaşlaşmış şəhərlərin artan əməkdaşlığı, keçirilən mədəniyyət günləri xalqlarımız arasında yaxınlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Daşkənddə Heydər Əliyev meydanının yaradılması, Bakıda Özbəkistan parkının salınması bu dərin dostluğun rəmzidir.
Cənab Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir və türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verir. 2027-ci ilin U-20 Dünya Çempionatının Azərbaycan və Özbəkistan tərəfindən birgə keçirilməsi isə bu strateji tərəfdaşlığın idman sahəsində də mühüm nəticələr verdiyini sübut edir".