Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir- ÖZƏL

Azərbaycan birləşdirici gücdür

"Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü qardaş və dost dövlət başçılarının sıradan bir toplantısı deyildir. Toplantının gedişi və yekunu iki böyük məsələ ilə siyasət, diplomatiya tarixə keçərək gələcəyə yol göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Azərbaycanın Qazaxıstan, Qırğızıstan, Özbəkistan,  Tacikistan və Türkmənistanın qurduğu Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatında bərabərhüquqlu iştirakçı qəbul edilməsi qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq xarakteri daşıdığını bir daha təsdiqləyir, onların vahid tarixi, mədəni və geosiyasi məkan olduğunu bir daha sübut edir. Bu, əvvəlki tarixi dövrlərdə xəyala gəlməyən, son onilliklərdə başladılan böyük geosiyasi dəyişikliklərin uğurla davam etdirilməsi, dünya siyasətində yeni konfiqurasiyanın formalaşmasıdır. Artıq dünya nəhəngi və ya nəhəngləri beş deyil, altı dövlətlə bir masa arxasında oturub müzakirə aparmalı olacaqlar. Zəngin təbii sərvətləri, əlverişli coğrafi-siyasi mövqeləri, gənc və artan demoqrafik göstəricisi olan bu altı ölkənin əhalisinin ümumi sayı təxminən 100 milyon nəfərə yaxın, ərazisi isə təxminən 4,09 milyon km-dir. Azərbaycanın bu formatda bərabərhüquqlu iştirakçı olaraq qəbul edilməsi Prezident İlham Əliyevin dünya siyasətində Azərbaycanın rolunu artırmasının konkret təzahürüdür. Regionda Azərbaycansız görülmək istənilən heç bir iş fayda gətirməz.  
       İkincisi, görüşdə cənab Prezidentimiz İlham Əliyevin nitqindəki fikirləridir. Həcmcə kiçik olsa da, məzmunca geniş, mahiyyətcə  dərin olan nitqində ölkə rəhbərimiz həm ikitərəfli Azərbaycan - Özbəkistan  münasibətlərinə qiymət verdi, həm islam dini dəyərlərinə qarşı olan fəaliyyətlərə münasibətini bildirdi, həm də Azərbaycan - Mərkəzi Asiya dövlətlərinin münasibətlərini dəqiq təhlil edərək gələcək perspektivləri və görüləcək işləri müəyyənləşdirdi. İlk növbədə, dövlət başçımızın Prezident Şavkat Mirziyoyevin rəhbərliyi altında güclü beynəlxalq nüfuzun, səmərəli iqtisadi islahatların, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirilən irimiqyaslı layihələrin Özbəkistanı regionda lider mövqeyə yüksəltməsini, idman dövlətləri sırasında yer tutmasını, Azərbaycanla əməkdaşlıqda müstəsna rol oynadığını qeyd etməsi qardaşın inkişafına sevinməkdir. Bu dövlətlərdən birinin uğuru hamısının birgə uğurudur.
        Nitqdə qardaş ölkənin rəhbərinin təşəbbüsü ilə  Daşkənddə qurulmuş İslam Sivilizasiyası Mərkəzinin zəngin mədəni irsə sadiq qalmağın daha bir nümunəsi kimi qeyd edilməsi eyni zamanda Azərbaycan Respublikası Prezidentinin bütün beynəlxalq görüşlərdə mənəvi-ruhani köklərimizə, dəyərlərimizə  sıx bağlılığını və dərin ehtiramını sübut edir. Dövlət başçımızın  dünyada islam əleyhinə olan meyillərə cavab olaraq dediyi "İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İsam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcək" fikirləri həm həmin qüvvələrə tutarlı bir cavabdır, həm də müsəlman xalqlarına elm, təhsil, mədəniyyətin inkişafı istiqamətində, zamanla ayaqlaşmaqda yol göstərir.
     Çıxışda Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin xüsusi xarakter daşıdığının, çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəyliyin birləşdiyinin, bu əlaqələrin qorunub saxlandığının, onlara müttəfiqlik, strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika verilməsinin deyilməsi indiyədək yürüdülən siyasətin uğurlu nəticəsinin bəyan edilməsidir. Bu, dövlətlərarası münasibətlərdə şəxsiyyət amilinin böyük rol oynadığını göstərir. Həmin münasibətlərin möhkəm hüquq-müqavilə bazası formalaşıb. Fərqli coğrafiyalarda yerləşsə də, qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya dövlətləri və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiona çevriliblər. Bu ölkələr təkcə ikitərəfli deyil, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində birgə mövqe işləyib hazırlayırlar.
      Dövlət başçımızın nitqində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərinin dirçəldilməsində Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirməsi, konkret olaraq özbək qardaşlarımızın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbi, qazax qardaşlarımızın Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini, qırğız qardaşlarımızın Ağdamda Manas məktəbini tikib hədiyyə etmələrini,  türkmən qardaşlarımızın Füzulidə məscidin təməlini qoymalarını xatırlaması təkcə minnətdarlıq hissi deyil, eyni zamanda qardaşlığın və həmrəyliyin nümunəsi kimi gələcək nəsillərə də örnəkdir. Qardaşların sevinci də, kədəri də, taleyi də ortaqdır.
        Nitqdə Azərbaycanın və Mərkəzi Asiyanın Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd, qovşaq və körpü olduğunun vurğulanması həm qədim tarixin ənginliklərindən keçib gələn hadisə və proseslərdə bu qardaş, dost ölkələrin mühüm rol oynadığını göstərir, həm də indi və bundan sonra həmin dövlətlərə və millətlərə başqa cür baxmaq xəyalında olanlara bir işarədir. Dünyanın ürəyi hesab edilən Avrasiyanın əzəli xalqları, minilliklər boyu tarixi, etno-mədəni torpaqlarında hakim olan türklərlə, Mərkəzi Asiya dövlətləri ilə bərabərhüquqlu davranmadan heç bir ölkə niyyətlərinə çatmaz. Avrasiyanın ürəyinə sahib olan bütün dünyaya hakimdir.  
       Dövlət başçımızın Orta Dəhlizin inkişafının Mərkəzi Asiya dövlətləri üçün strateji əhəmiyyət kəsb etdiyini deməsi də bir mesajdır. Bu, həmin ölkələrin yüklərinin etibarlı beynəlxalq nəqliyyat qovşağına çevrilən qardaş Azərbaycandan təhlükəsiz keçərək təkcə ticarət-iqtisadi maraqlarının rahat təmin edilməsi, münasibətlərin maddi təməllərinin möhkəmləndirilməsi demək deyildir, eyni zamanda həmin ölkələrə məlum tərəfdən təzyiqlərin azaldılması və dövlət müstəqilliklərinin möhkəmləndirilməsi, sarsılmaz və əbədi olması deməkdir. Bu işdə Ələt Beynəlxalq Limanı, Bakı - Tbilisi - Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər müstəsna rol oynayır. Zəngəzur dəhlizi Orta Dəhlizin əsas arteriyasına çevrilərək Mərkəzi Asiya dövlətlərini Avropaya bağlayacaqdır. Azərbaycan birləşdirici gücdür!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31