ABŞ-nin İndiana ştatının Perdyu Universitetində (Purdue University) fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyası 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edib.
Olaylar xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirdə universitetin müxtəlif fakültələrində təhsil alan, fərqli ölkə və mədəniyyətlərdən olan tələbələr iştirak ediblər.
Perdyu Universiteti Azərbaycan Tələbə Assosiasiyasının İdarə Heyətinin üzvü və II Azərbaycan Gənclər Forumunun iştirakçısı Kamran Hacıbəyli çıxışında Zəfər Gününün və Dövlət Bayrağı Gününün Azərbaycan xalqı üçün dərin mənəvi əhəmiyyətindən danışıb. O, belə tədbirlərin xaricdə yaşayan azərbaycanlı gənclərin milli kimliyinin qorunması və təbliği baxımından vacibliyini vurğulayıb. Tədbirdə, həmçinin assosiasiyanın digər üzvləri - Kənan Qurbanov, Şəms Adıgözəlzadə, Yusif Şükürlü, Kərim Abdullayev, Orxan Musayev Zəfər Gününün önəmindən və təşkilatın gələcək planlarından bəhs ediblər.
Tələbələr Azərbaycan musiqisinin sədaları altında rəqs edib, milli mətbəximizin ləziz təamlarını dadıblar. İştirakçılar arasında əyləncəli oyunlar, Azərbaycan tarixi və mədəniyyəti haqqında viktorinalar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib. Tədbir həm əyləncəli, həm də maarifləndirici atmosferdə keçərək, Azərbaycan mədəniyyətinin təbliği və tələbələr arasında mədəni müxtəlifliyin təşviqinə töhfə verib
Azərbaycan Tələbə Assosiasiyası gələcəkdə də milli bayramlarımızın qeyd olunması, eləcə də Azərbaycanın mədəni irsinin təbliği məqsədilə müxtəlif tədbirlər keçirməyi planlaşdırır.

