“Bakı–Daşkənd xətti Türk dünyasının yeni dayağına çevrilir” – ŞƏRH – ÖZƏL

"Özbəkistanda Şövkət Mirziyoyevin prezident seçilməsindən sonra Azərbaycan-Özbəkistan münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli formatda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən qarşılıqlı investisiyaların təşviqi məqsədilə nizamlanma kapitalı 500 milyon dollar olan birgə investisiya fondunun yaradılması və beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını müdafiə etmək üzrə əməkdaşlıq bu gün iki ölkə arasındakı münasibətlərin strateji səviyyəsinin yüksəlməsinə səbəb olub".

Bu fikirləri Azərbaycan-Özbəkistan münasibətlərini Olaylar.az-a şərh edərkən siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlərin strateji səviyyədə dərinləşməsi, ilk növbədə, Türk Dövlətləri Təşkilatının və təşkilata üzv olan türk dövlətlərinin həm regionda, həm də beynəlxalq arenada nüfuzunun artmasına töhfə verəcək.

Ekspert vurğulayıb ki, Azərbaycanın strateji tərəfdaşlıq sazişi ilk olaraq qardaş Türkiyə Respublikası ilə imzalanıb, münasibətlərin Özbəkistanla da bu səviyyəyə yüksəldilməsi, ardınca Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstan kimi Türk Dövlətləri Təşkilatının daimi və müşahidəçi ölkələri ilə eyni formatda əlaqələrin qurulması yekunda təşkilatın daha ciddi şəkildə strukturlaşmasına və yeni dünya düzənində əsas aktorlardan birinə çevrilməsinə təkan verəcək.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ortaq dil, tarix və mədəniyyətə malik olan Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər real imkan və böyük potensial mövcuddur," - deyə siyasi şərhçi fikirlərinə əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31