“Əsas gözləntilər: sosial ədalət, məsuliyyət və şəffaflıq"
15:17 SiyasətMilli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa yeni təyin olunmuş icra başçıları ilə görüşdə Prezidentin səsləndirdiyi fikirlərə dair müxbirimizin suallarını cavablandırıb.
- Fazil bəy, yeni təyin olunan icra başçıları ilə görüşdə Prezidentin çıxışını necə şərh edərdiniz?
Prezidentin çıxışı sosial siyasət, idarəetmədə şəffaflıq və qanunçuluğun təmin olunması baxımından çox önəmli mesajlar ehtiva edir. Xüsusilə sosial ədalət prinsipinin dövlət idarəçiliyində əsas xətt kimi vurğulanması təsadüfi deyil. Bu, həm vətəndaşların gözləntilərinə cavab verir, həm də dövlət institutlarının fəaliyyətinə yeni məsuliyyət gətirir.
- Sosial ədalət məsələsinin xüsusi qeyd edilməsi hansı dəyişikliklərə yol aça bilər?
Sosial ədalətin qorunması həm sosial siyasətin düzgün hədəflənməsi, həm də vətəndaşların dövlət xidmətlərindən bərabər faydalanması deməkdir. Prezidentin bu mövzuda mövqeyi idarəetmənin bütün pillələrində ədalətin təmin olunmasına impuls verəcək. Bu, həm də şəffaflığın və məsuliyyətin güclənməsi deməkdir.
- Çıxışda məşğulluğun artırılması ilə bağlı məsələlər də ciddi şəkildə vurğulanıb. Sizcə bu istiqamətdə nələr gözlənilir?
Məşğulluq məsələsi bu gün ən aktual çağırışlardan biridir. Yeni iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi və əmək münasibətlərində şəffaflığın gücləndirilməsi sosial sabitliyin əsas dayaqlarıdır. Prezidentin bu istiqamətdə verdiyi mesajlar bölgələrdə iqtisadi aktivliyin artmasına, gənclərin işə çıxış imkanlarının genişlənməsinə müsbət təsir edəcək.
- Prezidentin "mərkəzdən qanunsuz tapşırıqlar gəlməyəcək" mesajı geniş rezonans doğurdu. Bu barədə fikriniz nədir?
Bu, idarəetmədə yeni mərhələnin başlanğıcı deməkdir. Qanunsuz tapşırıqların qarşısının alınması həm yerli icra strukturlarının fəaliyyətini daha şəffaf edir, həm də xidmətin keyfiyyətini artırır. Dövlət orqanlarının yalnız qanun çərçivəsində, açıq və hesabatlı şəkildə çalışacağı ilə bağlı verilən bu mesaj idarəçilik mədəniyyətini gücləndirəcək.
- Parlament olaraq bu proseslərə necə dəstək verməyi planlaşdırırsınız?
Millət vəkili olaraq, həm qanunvericilik təşəbbüsləri, həm də seçicilərlə mütəmadi təmaslarımız vasitəsilə bu idarəçiliyin effektiv olmasına yönəlik addımları dəstəkləyirik. Qarşıya qoyulan hədəflərin reallaşması üçün parlament nəzarətinin gücləndirilməsi və cəmiyyətin ehtiyaclarının dövlət qurumlarına düzgün çatdırılması önəm daşıyır.