Qanun və ədalət Azərbaycanın idarəçilik fəlsəfəsinin mərkəzində dayanır- ÖZƏL
15:00 Siyasət"Prezident İlham Əliyevin 12 noyabr tarixində etdiyi çıxışı ölkənin idarəetmə sistemində aparılan yeni mərhələnin konturlarını bir daha ortaya qoydu. Ölkə başçısının çıxışında məmurlara ünvanlanan mesajlar sadə, lakin dərin məna daşıyır: xalqa xidmət etmək, təvazökarlıq göstərmək, dövlətin etimadını əməli fəaliyyətlə doğrultmaq. Aydındır ki, bu, formal bir çağırış deyil, dövlət başçısının illərdir həyata keçirdiyi siyasətin əsas sütunudur. "Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız" ifadəsi həm bir tapşırıq, həm də inam bəyanatıdır. Cənab Prezident hər bir məmurdan xalqla bir yerdə olmağı tələb edir. Çünki əsl inkişaf yalnız insanların rifahı üzərində qurulduqda dayanıqlı olur". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Bu çıxışda diqqəti çəkən ən mühüm cəhətlərdən biri dövlət idarəçiliyində mənəvi təmizliyin və ictimai məsuliyyətin önə çəkilməsidir. Cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, təkəbbür, rüşvət, qanunsuz tapşırıqlar dövrü arxada qalıb. Artıq dövlət idarəçiliyi şəffaf, hesabatlı və ədalətə əsaslanan prinsiplər üzərində qurulub. "Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq" - deyən dövlət başçısı, əslində cəmiyyətə mühüm mesaj verdi. Bu mesaj ondan ibarətdir ki, qanun və ədalət bu gün Azərbaycanın idarəçilik fəlsəfəsinin mərkəzində dayanır. Bu, sadəcə inzibati nəzarət deyil, həm də yeni dövlət mədəniyyətidir. Hər bir məmur bilməlidir ki, o, öz davranışı ilə dövlətin nüfuzunu qoruyur, onun ailə üzvləri də bu məsuliyyətin bir hissəsini daşıyır. Beləliklə, cənab Prezident dövlət qulluğunu təkcə peşə deyil, həm də mənəvi borc kimi təqdim edir. Məhz bu yanaşma sayəsində Azərbaycan idarəçilik sistemi son illərdə əhəmiyyətli dərəcədə sağlamlaşıb, cəmiyyətdə dövlətə inam güclənib".